Politoloqlar: Qarabağ uğrunda Aprel döyüşləri Sarqsyan rejimini yıxdı

Day.Az представляет новость на азербайджанском языке

2016-cı ildə baş verən Qarabağ uğrunda Aprel döyüşləri Ermənistanda Qarabağ klanının süqutuna və Serj Sarqsyan hakimiyyətinin devrilməsinə səbəb oldu. 

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu fikirləri mərkəzi Berlində yerləşən Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ZOIS) saytında Ermənistandakı "məxməri inqilab"a həsr olunmuş müzakirədə ZOIS-ın əməkdaşı, politoloq Nadey Duqlas ilə söhbətində postsovet məkanında xüsusi araşdırmalar aparan Silviya Şteber deyib. 

"Məxməri inqilab"ın yekunları və perspektivləri ilə bağlı danışan N.Duqlas əminliklə bildirib ki, Yerevanın xarici siyasəti hakimiyyətdəki dəyişikliklərə görə dəyişməyəcək. 

Politoloq əlavə edib ki, Paşinyan hakimiyyəti üçün Azərbaycanla münasibətləri normallaşdırmaq prinsipal cəhətdən vacibdir. 

"İctimai fikirlə bağlı sorğular onu göstərir ki, sosial-iqtisadi problemlərdən sonra erməni xalqı ən çətin problem kimi Dağlıq Qarabağ münaqişəsini göstərir və bunun ölkədəki təhlükəsizliyə və stabilliyə təhdid olduğunu hesab edir.

Regiondakı digər münaqişələrdən fərqli olaraq, bu münaqişə dondurulmuş deyil və bunu bütün Ermənistan vətəndaşları başa düşür", - ZOIS-ın əməkdaşı bildirib. 

S.Şteber 2016-cı ildə Qarabağda baş verən Aprel döyüşləri ilə 2018-ci ilin aprelindəki "məxməri inqilab" arasında əlaqələrin olduğunu qeyd edib. 

"Azərbaycan 2016-cı ildə işğal altındakı torpaqlarını geri qaytarmağa qadir olduğunu sübut etdi. Bundan sonra Ermənistanda hakimiyyətə qarşı çoxlu narazılıqlar meydana gəldi və vətəndaşlar hökuməti torpaqları əlində saxlamaq gücündə olmamaqda və Rusiyanın Azərbaycana silah satışına mane ola bilməməkdə ittiham edib. Korrupsiya aspekti də qəzəbə səbəb oldu: əsgərlər hərbi əməliyyatları effektli aparmaq üçün yaxşı təchiz olunmamışdılar", - o bildirib. 

Ekspertin fikrincə, bu gün Dağlıq Qarabağ məsələsində Paşinyan üçün siyasi manevr imkanları məhduddur, ona görə də o, sələfi Respublika Partiyasından fərqli olaraq, daha sərt mövqe ilə çıxış edir və danışıqlara "üçüncü" tərəf kimi "DQR"nın cəlb olunmasını istəyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.