İçərişəhər və içlərində divar hörənlər

Day.Az представляет новость на азербайджанском языке

Qısa və konkret: maraqlı şoudur.

AXCP sədri Əli Kərimli Facebook-da sitəm edir, səsini sosial şəbəkələrdəki hərflərlə translyasiya edərək faciənin bir addımlığımızda olduğunu yazır.

Sonra sözlərinin hərflərlə izharına foto da əlavə edir: "Baxın, bu foto orada, o dağıntıda, o divan tutulan yerdə çəkilib".

Divanda oturub divandan yazmaq çox asandı, amma həqiqəti divana çəkmək olmur. Həqiqət nədənsə AXCP sədrinin məntiqindən və xüsusilə də sosial şəbəkələrdəki fəallığından, dediyi kəlmələrdən, verdiyi bəyanatlardan elə perik düşüb ki, izi də qalmayıb.

Sinyor Kərimlinin yaydığı fotonun 7 il əvvəl çəkildiyi bəlli oldu.

Etiraf etmədi, yalanına görə üzr istəmədi, susdu, əvəzində yeni səsli ittihamda bulundu.

Nədir məsələ?

Sən demə, İçərişəhəri sökürlər.

Sonra dedilər yox, sökmürlər, tikirlər.

Sökməklə tikmək arasında iz itirib ilmə fırlayanlar istəklərinə çatmaq üçün nələr etmədilər bu günlərdə.

Yazdılar ki, dünyanın heç bir yerində tarixi məkanlarda restoran və ya kafe olmur.

Olur. Avropada da belədi, Asiyada da. Yaponiyada belə, məbədlərin düz qənşərində turistlərdən pul əldə etmək üçün nələr yoxdur ki.

Yazdılar ki, İçərişəhəri yeksan edirlər, tariximiz məhv olunur.

Vətəndaşların bir qismi inandı, hətta etiraz aksiyası planlaşdırdılar. Sonra məlum oldu ki, bəs yenə də sən demə, media əhlindən tutmuş, ahıl ziyalılaradək etiraz etmək istəyənlərin çoxusu sırf siyasi məqsəd güdənlərin arxasına düşməliymiş.

Düşmədilər.

İçərişəhərlə bağlı qeyzlənən insanlarımızı gözəl anlayıram.

Düz və yaxşı edirlər - çünki İçərişəhər göz bəbəyimizdi, tariximizdi, mədəniyyətimizdi. Həmin insanlarımız bitkin və səbatlı davrandılar, hirslənsələr də, arqumentlə danışdılar, emosiyasız yazdılar, problem varsa, dərhal həllini tələb etdilər.

Belə də olmalıydı, oldu da.

İçərişəhər, sadəcə, Bakı deyil və bütün azərbaycanlılarındır - dünyanın harasında yaşamağımızdan asılı olmayaraq.

Hirslənən insanlar real və obyektiv məlumatlar tələb etdilər.

Rəsmilər gec davrandılar, asta tərpəndilər, emosiyalar tarıma çəkiləndə, sanki, ayıldılar.

Amma cəmiyyətdə yeni siyasi mühəndislik sınağı keçirmək istəyənlərin cavablarını elə vətəndaşlarımız, soydaşlarımız, həmvətənlərimiz vermişdi.

İçərişəhər qorunmalıdır, orada bir daşa belə, toxunmaq olmaz.

 

Kimliyindən və mənsubiyyətindən asılı olmayaraq, İçərişəhərdə heç kəsə hegemon davranma imkanı yaradılmamalı, hüququ verilməməlidir.

Bunu bildik.

Hələ də sakitləşməyənlər, sanki, bilmirlər.

Daha doğrusu, eşitmək də istəmirlər.

"Məbədə toxun, kimin kim olduğunu dərhal biləcəksən" demişdi Əmir Teymur.

İçərişəhərdəki situasiya da ölkənin sosial və siyasi müstəvisində kimlərin necə maskalandığını, nələrə can atdığını, canına nələri istədiyini və canı ilə o nələr arasında kimləri gördüyünü ortaya qoydu.

Ortada qalanların aqibəti isə, məlum, acınacaqlı olur.

Necə ki, sosial şəbəkələrdə "lider" kimi davranmağa çalışanların yamaqlı şüur əbalarının altından qüsurlu əxlaqları görünür.

Etiraf etmək gərək ki, informasiya təxribatı adlı klassik ssenarini müşahidə edirik. Müvafiq dövlət qurumları opertiv davranmalı, maksimum bir neçə saat ərzində təfərrüatlı, geniş, arqumentli cavab verməliydilər.

Əvəzində isə İçərişəhər məsələsi sosial şəbəkələrdə bəs deyincə kampaniyalaşandan sonra "böhran menecmenti" işə düşdü, durumu maksimum siyasiləşdirməyə çalışanlara qarşı "konstruksiyalaşdırılmış informasiya" tipli açıqlamalar verildi.

Halbuki Mədain xərabələrində bayquşluq etmək istəyənlərin arqumentləri zəif, iddiaları absurd, məntiqləri qüsurludur.

Bu həngaməyə sərf olunan enerji, vaxt və diqqət bir dəlinin quyuya daş atandan sonra ətrafa yığışanların müşkülü çözməyə çalışmasına bənzəyir.

Halbuki olan stəkanda fırtınanı xatırladır ki, məqsəd vəziyyəti gərginləşdirməkdi.

Bütün iddialara rəğmən...

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.