Bakıdan "Buta Airways” ilə Xarkova gedən sərnişinlər sürprizlə qarşılaşdılar - İlk reys, gül-çikək, tort...

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün Azərbaycanın loukost aviaşirkəti olan "Buta Airways"in Bakı-Xarkov istiqamətində təyyarə reysinin açılışı olub. Bu şəhər üzrə ilk reys olmasına baxmayaraq təyyarə sənişinlərlə tam dolu vəziyyətdə Heydər Əliyev adına hava limanını tərk edib. İlk uçuşu əməkdar pilot həyata keçirib. Təyyarənin sürəti saatda 850 km, qət etdiyi məsafə isə 1800 kilometr olub.

Təyyarə Xarkova enəndə Azərbaycanlı sərnişinlər sürprizlə qarşılaşıblar. Belə ki, onları Azərbaycan milli geyimində olan ukraynalı azyaşlılar əllərində gül çiçək və tortla qarşılayıblar.

Onlar pilotları və sərnişinləri ilk uçuş münasibəti ilə təbrik edib, kollektiv şəkil çəkdiriblər.

Daha sonra Xarkov hava limanında kiçik mərasim təşkil olunub. Azərbaycan və Ukrayna hava yolları şirkətinin rəsmi nümayəndələri ilk reysin açılışı münasibəti ilə həmyerlilərimizi təbrik ediblər.

Azərbaycan hava yolları şirkətinin Ukrayna üzrə nümayəndəsi Əmirov Yaşar jurnalistlərə açıqlama verərək reysin perspektivli olacağını söyləyib. O, bildirib ki, bu xidmətdən təkcə Xarkovda yaşayan azərbaycanlılar yox, yaxınlıqda yaşayan həmvətənlərimiz də yararlana biləcəklər.

"Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways"ın Bakıdan Ukraynanın Xarkov şəhərinə uçuşlara başlaması ölkəmizə, buradakı təhlükəsizliyə olan inamın göstəricisidir", - bunu Xarkov Dövlət Administrasiyasının iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə direktoru Andrey Kolos bildirib.

Üzərində buta yazılan tortun kəsilməsindən sonra qonaqlar furşetə dəvət edilib.

 

Qeyd edək ki, uçuşlar bugündən etibarən çərşənbə axşamı və cümə günləri olmaqla həftədə 2 dəfə həyata keçiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (birtərəfə) təşkil edəcək.

Bir cərgə üzrə 4 oturacaqlı təyyarələr çox rahat və səliqəlidir. Ucuz büdcəli olsa da, yüksək xidmət göstərilir. 

Uçuş Bakıdan Xarkova gedərkən 2 saat 20, oradan Bakıya qayıdarkən isə 2 saat 30 dəqiqə çəkir. 3 saata yaxın yol boyunca stüardessaların nəzakətli davranışları, servis edilən fastfoodlar uçuşdan razı qalmağı təmin edir.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Bəxtiyar Umarlı
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.