Bakıda “Muzeydə muğam axşamları” musiqili layihəsinin açılış mərasimi olacaq

Ölkəmizin tarix və mədəniyyətinin cövhəri olan İçərişəhər incəsənətin çiçəklənməsi, tərəqqisi üçün əsrlər boyu mərkəz rolunu oynamışdır. Bu tərəqqinin keçdiyi yolu isə musiqi olmadan təsəvvür etmək mümkün deyil. Bütün bəşəriyyəti birləşdirən, hər kəsə sevinc hissi aşılayan musiqinin gücü inkaredilməzdir. Bu ilin yaz mövsümündə də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim şəhərdə musiqili layihə ənənəsini yenidən canlandırmağı qərara almışdır.

"İçərişəhər" DTMQİ "İçərişəhər" Muzey Mərkəzi, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə may ayından etibarən "Muzeydə muğam axşamları" adlı yeni layihəsini təqdim edir. İlk dəfə Şirvanşahlar Saray Kompleksində təşkil ediləcək musiqili tədbirin keçirilməsində məqsəd xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir. Milli musiqimizi tərənnüm edəcək konsert proqramının - Saray məclisinin minillik tarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyildir. Bugün "saray məclisləri"nin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur "şərq gecələri", "musiqi məclisləri" ənənəsinin yaşadılmasına xidmət edəcəkdir.

Layihənin ilk saray məclisi Beynəlxalq Muzeylər günü ərəfəsində, 20 May 2019-cu il tarixində xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət edəcək. İnanırıq ki, Azərbaycanın ən qədim xalq musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin qədim məkanda təşkili, eləcə də klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinlərinə və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək.

Lakin yeniliklərimiz bununla bitmir. Musiqi nömrələri arasında qonaqlarımız respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşəcəklər.

Qeyd edək ki, bu, sadəcə layihəmizin başlanğıcıdır. "İçərişəhər" Muzey Mərkəzi may ayından etibarən ayda bir dəfə olmaqla Mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır. Açılış mərasiminin məhz Beynəlxalq Muzeylər Günü ərəfəsində həyata keçirilməsi muzeylərin daha canlı və daha maraqlı fəaliyyət növü ilə insanları cəlb edə biləcəyinin bir nümunəsidir və dünya muzeylərində bu təcrübədən istifadə edilir. Layihənin informasiya dəstəyi isə Mədəniyyət Televiziyasına məxsusdur. Telekanal konsert proqramının işıqlandırılması ilə əlaqədər olaraq təşkilatçılara dəstək olacaqdır.

Digər maraqlı bir məqam isə tezliklə artıq "İçərişəhər" Muzey Mərkəzi nəzdində "Muzeyin dostları" adlı klubun yaradılması ilə bağlıdır. Klubun ilk fəxri dostları bu layihənin həyata keçməsində dəstəyini əsirgəməyən M.İbrahimov və onun sazəndələrdən ibarət komandası olacaqdır.

Giriş qapısı saat 17:00-da Şirvanşahlar Sarayı Kompleksinin ikinci həyətindən açılacaq. Konsert 18:00-da başlanacaq və 2 saat ərzində davam edəcək. Biletlərin qiyməti (VIP məkan 30 AZN, orta zona 20 AZN, arxa zona 10 AZN, ayaq üstü 5 AZN) 5-30 AZN arasında dəyişir. Konsertə bilet  sayı məhduddur. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.