Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanıb.

Dövlət Turizm Agentliyindən Day.Az-a verilən məlumata görə, informativ xarakter daşıyan https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.

Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter reysləri barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.

İnformativ xarakterli saytda, həmçinin Bakının turizm əhəmiyyətli məkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi, eyni zamanda milli kulinariya nümunələrinin dadına baxmaq üçün kafe və restoranlar, əyləncə məkanları haqqında məlumat verilir, paytaxt nəqliyyatının formaları, "Baku Card"dan istifadə qaydaları izah olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.