İstanbulda martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsindən sonra növbəti turda qalibin kim olacağı müzakirə edilir. Bəzi ekspertlər seçki nəticələrinin ləğvinin AKP-yə mənfi təsir göstərəcəyini desə də, bir qismi hakim partiyanın bu dəfə qalib gələcəyini düşünür.

Milli.Az bildirir ki, Axar.az azərbaycanlı oxucuların da həssaslıqla izlədiyi bu seçkilərlə bağlı politoloqların fikrini öyrənib.

Analitik Vüqar Zifəroğlu İstanbulda 23 iyunda keçiriləcək təkrar bələdiyyə seçkiləri ilə bağlı proqnoz verməyin çətin olduğunu deyib:

"Tərəflər İstanbul seçkilərinə prinsipial bir hədəf kimi baxırlar. Çünki martın 31-də keçirilən seçkilərdə maraqlı nəticələr ortaya çıxdı. AKP böyük şəhərlərdə məğlub oldu, CHP uzun illər sonra İstanbulda qalib gəldi. Buna görə də konkret nə AKP-nin tam olaraq qalib gələcəyini söyləyə bilərik, nə də CHP-nin. Türkiyədə növbəti prezident və parlament seçkiləri 2023-cü ildə keçiriləcək. Bu mənada faktiki olaraq Türkiyədə olan mühüm siyasi qüvvələr bələdiyyə seçkilərində həm də növbəti 4 il ərzindəki mövqelərini dəqiqləşdirmək istəyirlər. Əslində, seçkilərin nəticələrinin ləğv edilməsi və tərəflərin eyni namizədlə yenidən seçkiyə qoşulması göstərdi ki, nə iqtidar, nə də müxalifət İstanbulda bir-birinə güzəştə getmək niyyətindədir. Amma onu dəqiq söyləyə bilərəm ki, kim qalib gələcəksə, ikinci namizəddən səs fərqi bir o qədər də çox olmayacaq. Bu məsələylə bağlı doğrudan da proqnoz verməyə çətinlik çəkirəm. Amma bir məqamı qeyd edim ki, mövcud şərtlər AKP namizədinin xeyrinə deyil. Hazırda Türkiyədə iqtisadi problemlərin mövcudluğu və İstanbulda seçkinin nəticələrinin ləğv edilməsi AKP-nin imicinə mənfi təsir göstərib. CHP də bu vəziyyətdən istifadə edərək, durumu AKP-nin əleyhinə çevirib".

Politoloq Ruslan Bəşirli isə bu turda AKP namizədi Binəli Yıldırımın üstün olduğunu söyləyib:

"Hazırda İstanbul seçkisi ətrafında yaranmış mənzərə dəqiq fikir yürütməyə imkan vermir. Çünki bu vaxta qədər rəqib tərəflər - Binəli Yıldırım və Əkrəm İmamoğlu arasında demək olar ki, bərabər şəkildə mübarizə gedirdi. Çünki İmamoğluya səs verənlər arasında PKK-nın siyasi qolu HDP-nin 10 faizlik bir hissəsi də var idi. Digər bir məsələ də odur ki, ötən seçkidə AKP-nin iki faizlik seçici qrupu hakim partiyaya dərs vermək niyyəti ilə seçkiyə gəlməmişdilər. Onların səs verməməsi nəticənin başabaş getməsinə səbəb oldu. Mənə elə gəlir ki, AKP bu iki faizlik seçicisini yenidən sandıq başına qaytara bilsə, eyni zamanda seçkinin ləğv edilməsinin səbəblərini əhaliyə başa salsa, millət buna qane olsa, Binəli Yıldırım qalib gələcək".

Analitik Elxan Şahinoğlu hazırda CHP namizədinin daha üstün olduğunu desə də, Prezident Ərdoğanın seçkilərə mühüm təsir göstərə biləcəyini qeyd edib:

"Ötən seçkilərdə səslərin yarıya bölünməsi mübahisə predmetinə çevrildi. Məhz bu səbəb yenidən seçki təyin olunmasına imkan yaratdı. Seçkinin nəticələri ilə bağlı mövcud olan proqnozlar bundan ibarətdir ki, Ə.İmamoğlu türklərin təbirincə desək, "mağdur" vəziyyətə düşdüyünə görə insanların ona simpatiyası bir az da artıb. 90-cı illərdə Rəcəb Tayyib Ərdoğan da 6 ay günahsız yerə həbs yatdığına görə reytinqi artmışdı. Bütün bunları nəzərə alaraq demək olar ki, İmamoğlunun seçkidə qələbə çalma ehtimalı daha yüksəkdir. Prezident Ərdoğan üçün İstanbul çox vacibdir və Türkiyə iqtisadiyyatının yarısı deməkdir. Böyük gəlir mənbələri İstanbuldadır. Bu baxımdan Ərdoğan da İstanbulu itirməmək üçün sona qədər mübarizə aparacaq və çalışacaq ki, Binəli Yıldırım bələdiyyə sədri olsun. Məndə belə təəssürat yaranır ki, Yıldırım seçkiyə o qədər də həvəsli hazırlaşmır. Faktiki olaraq CHP namizədi yenə də Yıldırımla yox, Ərdoğanla mübarizə aparacaq. Ərdoğan bu prosesə qoşulmasa, B.Yıldırım çətin ki, İmamoğlu üzərində qələbə çalsın".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.