Bu məhsullar qan damarlarını daraldır

Qan damarları vücudumuzdakı qan təzyiqini tarazlamaq, lazımi orqanlara oksigen və qida daşımaq, qan və ya maye azlığının qarşısını almaq üçün daralır. Bəzən də yediyimiz yeməklər qan damarlarımızı daraldaraq yüksək təzyiq və baş ağrılarına səbəb olur.

Day.Az yenicag.az-a istinadən qan damarlarımızı daraldan məhsulların siyahısını təqdim edir:

1. Biyan kökü - Bəzi insanlar öskürək, mədə turşusu, boğaz ağrısı kimi xəstəliklərin müalicəsində biyan kökündən istifadə edir. Lakin davamlı olaraq qəbul edildikdə, yüksək qan təzyiqinin qalxmasına səbəb olur.

2. Kofein - Çay və ya qəhvə içməyin nəyə görə baş ağrısını azaltdığını bilirsinizmi? Miqren ağrısı baş verdikdə qan damarları genişlənərək qanla dolur və ağrıya yol açır. Kofeinli içkilər içdiyiniz zaman isə qan damarlarınız büzülür, artıq qanı uzaqlaşdırır və ağrını azaldır.

3. Trans yağlı qidalar - Keks, çörək, mikrodalğada partladılmış qarğıdalı, çoxlu marqarin, biskivit və kremlə dolu şirniyyatlardakı yağlar xolesterini yüksəltdiyi üçün arteriya damarlarını tıxayır. Həmçinin, yağlı ət tikələri də xolesterini artırır.

4. Duzu artıq olan qidalar - Sodiumun qan təzyiqini artırdığı araşdırmalar nəticəsində sübut olunub. Bol miqdarda qəbul edildikdə vücudunuz suyu tutur, bu da qan həcmini artırır. Nəticədə qan təzyiqi yüksəlir ki, bu da damarlara zərər verir.