Turnirə başladığımız ilk gündən Bakıda olmaq üçün mübarizə apardıq. Artıq bu hədəfimizə çatmışıq. Məqsədimiz ordan kubokla dönməkdi.

Day.Az matc.az-a istinadən xəbər verir ki, bunu "Çelsi"nin müdafiəçisi David Luiz deyib.

Braziliyalı futbolçu Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının "Arsenal"la keçiriləcək final görüşünü dəyərləndirib.

Luiz "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanı Bakıya gətirməmək qərarına da münasibət bildirib: "Bakı finalı ilə bağlı çox rahatam. Komandam orda oynamaq və qalib gəlmək gücündədi. O ki qaldı "Arsenal"ın siyasi məsələyə görə probleminə, "Qarabağ"a qarşı oynadığımız zaman Bakını gəzmək imkanımız oldu. Çox gözəl ölkədi. "Qarabağ"a qarşı çıxış etmək bizim üçün xoş idi. Ancaq qərarlara da hörmətlə yanaşmaq lazımdı".

Ulduz futbolçu zədə ucbatından həlledici qarşılaşmanı buraxacaq komanda yoldaşları Ruben Loftus-Çek, Kallum Hadson-Odoi və Antonio Rüdigerə görə məyus olduğunu da söyləyib: "Kallum və Ruben üçün çox üzülürəm. Çünki onlar karyeralarının ən yaxşı anında zədələndilər. Rüdigerə də pis oluram. Onun finalda oynamağı nə qədər çox istədiyini bilirəm. Hər üç oyunçumuzun tezliklə sağalıb kollektivə dönməsini arzulayıram. Finalda həm də onlar üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!