YAP-a yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının növbəti iclası olub. Partiya sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olunub

Day.Az Trend-ə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclası giriş sözü ilə açaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın ötən dövrdə milli dövlətçiliyə və xalqa misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçdiyini vurğulayıb.

Nazir bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbəri olduğu Partiyanın Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nüfuza malik olduğunu bildirib. S.Babayev ulu öndərimizin ideyalarına dərin sədaqət ruhunda fəaliyyət göstərən YAP-ın, ölkəmizin dinamik və hərtərəfli inkişafı proseslərində daim ön sırada olaraq fəal iştirak etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə dinamik inkişaf edən bir ölkə olduğunu vurğulayan nazir, dövlət başçısının sosial islahatlar proqramının uğurlarından bəhs edib.

Əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn əhəmiyyətli addımların atıldığını, əmək, məşğulluq, sosial təminat sahələrində müasir, şəffaf, operativ idarəçilik və xidmət mexanizmlərinin qurulması üçün innovativ həllərin tətbiqinə əsaslanan islahatları diqqətə çatdırıb. Nazir bütün sahələrdə olduğu kimi, sosial inkişafın təmin edilməsi işlərində də YAP-ın mühüm töhfələr verdiyini qeyd edib.

S.Babayev bildirib ki, öz sıralarında 737 mindən çox üzvü birləşdirən Partiyanın S.Əsgərova 85 ərazi ilk partiya təşkilatı da fəaliyyətini YAP prinsiplərinə uyğun qurub və təşkilat üzvlərinin sayı mütəmadi artaraq 337-yə çatıb. Ümumilikdə son bir ildə 450-yə yaxın nazirlik əməkdaşı müraciət edərək YAP sıralarına qəbul edilib və hazırda nazirlik sistemində çalışanların mütləq əksəriyyəti Partiyanın üzvüdür:

"Müsbət haldır ki, partiya sıralarına qəbul edilmək istəyən, bunun üçün müraciət edən əməkdaşlar arasında gənclərin üstünlük təşkil etdiyini görürük, bu da gənclər arasında da siyasi yetkinlik səviyyəsinin yüksək olduğunu göstərir".

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək vurğulayıb ki, YAP-ın öz sıralarını daim genişləndirməsi partiyaya cəmiyyətdə olan yüksək inam və etibarın göstəricisidir. Bunun əsasında Partiyanın keçdiyi şərəfli yol, azərbaycançılıq əqidəsinə söykənərək daim ölkəmizin hərtərəfli tərəqqisi və firavan gələcəyi üçün göstərdiyi xidmətlər dayanır. Təsadüfi deyil ki, bu gün YAP ümumxalq partiyası kimi böyük nüfuza sahibdir.

İclasda Partiya sıralarına qəbul edilmiş 45 nəfərə üzvlük vəsiqələri təqdim edilib.

Sonra nazirlik sistemində çalışanlardan daha 200-ə yaxın (o cümlədən S.Əsgərova 85 ərazi ilk partiya təşkilatı üzrə 52) əməkdaşın YAP sıralarına daxil olmaq üçün ərizələri qəbul olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.