Saxta balın zərərləri

Bal saxlanma şərtləri və istifadə müddəti olmayan, 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin, saysız-hesabsız müalicəvi xassələri özündə daşıyan qida məhsuludur. Onun rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 faiz su, 80 faizdən çox karbohidrat, 0.4 faiz zülal, 0.3 faiz kül var. Bundan başqa tərkibinə üzvi turşular və fermentlər də daxildir.

Bal daha çox müalicə məqsədilə, eyni zamanda, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində istifadə olunur. Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər - "Bacillus cereus", "Clostridium perfringens" bakteriyaları balda uzun müddət yaşaya bilər. Balda olan "Clostridium botulinum" bakteriyası 2 yaşdan aşağı körpələrdə ciddi qida zəhərlənməsi sayılan "botulizm"ə yol aça biləcəyi üçün onlara bu qida məhsulu verilməməlidir.

Day.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, son dövrlərdə ölkəmizdə saxta balların hazırlanması və satışı artıb. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii bala oxşayır. Lakin arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinler süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul - yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru, təbii rəngləndiricilər - dazı otu, çay dəmləməsi, zəfəran, yaxud süni rəngləndiricilərdən istifadə olunur. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri bir-birindən ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar da törədə bilər. Tədqiqatlar göstərir ki, insan orqanizminə şəkərin heç bir faydası yoxdur. Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir. Bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və onun normal fəaliyyətinin çətinləşməsinə gətirib çıxarır. Əgər insan aktiv həyat tərzi keçirmirsə və normadan artıq şəkər qəbul edirsə, o zaman xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozuntular, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi, orqanizmin hormonal balansının pozulması, diqqət dağınıqlığı, dişlərin çürüməsi və bununla bağlı yaranan böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi kimi xəstəliklər meydana çıxa bilər.

Bütün bunları nəzərə alaraq istehlakçıların təbii baldan istifadə etməsi daha məsləhətlidir.