Problemli kreditdə ZAMİN olanların DİQQƏTİNƏ! - Qaydaya əsasən...
"Problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar".
Day.Az Redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, yeni mexanizmə əsasən bank restrukturizasiya çərçivəsində yeni kredit xəttinə daha ağır şərtlər daxil edə bilməz:
"Fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit təklif olunur. Bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa, o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar.
Restrukturizasiya üçün bank ilə müştərinin öncədən razılığına ehtiyac var.
Bank restruktrizasiya olunacaq problemli kreditin yeni şərtləri ilə bağlı kredit götürən vətəndaş ilə razılıq əldə etməzsə, o zaman bank restrukturizasiya müqaviləsi bağlamaya bilər. Şərtlər əvvəlki kredit xəttindən ağır olmamalıdır, amma qaydalara əsasən restrukturizasiya üçün bank ilə müştəri öncədən razılığa gəlməlidir. Restrukturizasiya müqaviləsi bağlanacaqsa, o zaman zaminlər artıq zamin hesab olunmayacaqlar və onların heç bir öhdəliyi olmayacaq. Deməli, siz zamin olmusunuzsa və həmin kredit xəttinin restrukturizasiya ilə bağlı yeni müqavilə imzalanıbsa, o zaman siz artıq zamin hesab edilmirsiniz və hətta yeni kredit üzrə gələcəkdə yubanma olsa da belə sizdən daha krediti götürənin əvəzinə ödəniş etmək tələb oluna bilməz".
Qeyd edək ki, bu il prezident İlham Əliyev problemli kreditlərin kompensasiya və restrukturizasiyası ilə bağlı fərman imzalayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре