“Yerevandan soruşmamısız ki, onların oğulları hərbi xidməti harada keçirlər?”

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan "Kommersant" qəzetinə geniş müsahibə verib.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazir sözügedən müsahibədə bildirib ki, Ermənistanın əvvəlki hökumətləri öz beynəlxalq öhdəliklərinin hərtərəfli yerinə yetirilməsindən qaçmağa çalışıblar.

"İşğalçılıq siyasətini yürüdən, dövlət sərhədlərini pozan Ermənistan BMT-nin üzvü kimi bu təşkilatın beynəlxalq hüquqla bağlı bütün norma və prinsiplərini pozub. Uzun illərdir ki, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin birmənalı tələblərini yerinə yetirmək üçün yaxşı siyasi iradə nümayiş etdirməyib, bu, Yerevanda durğunluq və dərin sosial-siyasi böhrana gətirib çıxarıb.

Ümid edirik, indiki hökumət anlayacaq ki, Azərbaycanla münasibətlər tənzimlənmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olunmadan Ermənistanı təcavüzkar və işğal siyasəti yeridərək özünü saldığı dalandan çıxarmaq mümkün deyil. Öz tərəfimizdən biz müəyyən zaman fasiləsi vermişik ki, Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesinin detalları ilə tanış olsun. Artıq bu keçid dövrü başa çatıb, danışıqlar iki ölkənin liderləri və XİN rəhbərlərinin görüşü səviyyəsində bərpa olunub".

Məmmədyarov qəzetə açıqlamasında qeyd edib ki, Azərbaycan dəfələrlə "hamı hamıya" prinsipi əsasında hər iki tərəfdə saxlanan şəxsləri mübadilə etmək təklifini irəli sürüb: "Saxlanılan şəxslərin və hərbi əsirlərin "hamı hamıya" prinsipinə uyğun olaraq mübadiləsi dünya təcrübəsində qəbul olunur, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də dəstəklənir. Əminik ki, bu, danışıqların gələcək inkişafı və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlığı üçün daha əlverişli emosional fon yarada bilər.

Real səfərlərin həyata keçirilməsinə gəlincə, burada, ilk növbədə, bu mövzunun iki cəmiyyət üçün nə dərəcədə həssas olduğunu xatırlamaqla konkret, hətta deyərdim, hər detalı düşünülmüş təkliflər istiqamətində, bir sözlə, sülh naminə çalışmaq lazımdır".

XİN rəhbəri ərazilərin geri qaytarılması, Dağlıq Qarabağın statusu və qaçqınların qaytarılması kimi məsələlərə də toxunaraq bildirib ki, qarşılıqlı etibarın bərpa edilməyi mümkün deyil: "Biz tam olaraq işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən çıxarılması və sonradan məcburi köçkünlərin geri qaytarılması ilə bağlı yöndə addım-adım hərəkət etməliyik. Bu, inam yaratmaq üçün əlverişli şərait yaradır. Bir-birinə etimad etmək üçün ən azından daimi təmasda olmaq lazımdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərk olunmuş yuvalarına dönməyə və regionun erməni icması ilə birlikdə təmasları qaydasına salmağa, etimadı bərpa etməyə və sülhü geri qaytarmağa hazırdır".

Nazir jurnalistin "Sizin erməni kolleqanız tanınmamış Dağlıq Qarabağ Respublikası hakimiyyətinin danışıqlar prosesinə qoşulmasının vacibliyini əsaslandırarkən bəyan edib ki, onlar Yerevana tabe olmurlar, yəni Yerevan Sizin və Zohrab Mnatsakanyanın danışıqlarda əldə edə biləcəyi hipotetik qərarları onlara tətbiq edə bilmir. Bu arqument barədə nə deyə bilərsiniz" sualını elə sualla cavablandırıb: "Bəs siz Yerevandan soruşmamısınız ki, Ermənistanın yüksək siyasi rəhbərliyinin bəzi təmsilçilərinin oğlanları həqiqi hərbi xidməti harada keçirlər? İndiki prezident və baş nazir tez-tez hara səfər edir? Adını qeyd etdiyiniz marionet quruluşun büdcəsinin əsas hissəsi hansı vergi odəyicilərinin hesabına formalaşır? 

Hər şey kifayət qədər sadədir - münaqişə tərəfi kimi Ermənistan ilə Azərbaycan üz-üzədir. Bu format ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə də təsdiqlənib. Reallıq belədir. Qalan şeylər ya fərziyyə, ya da müxtəlif bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdidir".

E. Məmmədyarov Baş Nazir Nikol Paşinyanın son vaxtlar danışıq prosesini gecikdirmək və ya yavaşlatmaq niyyətində olmadığı ilə bağlı açıqlamasına cavabında vurğulayıb ki, rəsmi Bakı bu yanaşmanı yalnız dəstəkləyir: 

"Azərbaycan münaqişənin tezliklə həllində maraqlıdır. Və bu günə qədər ümid edirik ki, məsələ danışıqlar yolu ilə həll olunacaq. Düşünürəm ki, Ermənistan tərəfi də bunda maraqlı olmalıdır. Axı, münaqişənin uzanması Ermənistan xalqına çoxsaylı insan əzabı gətirib. Bütün bu illər ərzində Azərbaycan torpaqlarının ələ keçirilməsi və onların hələ də davam edən işğalı Ermənistan üçün heç bir ciddi dividend qazandırmayıb. Əvəzində yoxsulluğun artmasına, işsizliyə, əhalinin ölkədən xaricə getməsinə və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər, dövlət lideri isə gələcək nəsillər barədə düşünür.

Ermənistan tərəfi münaqişənin həll olmasını istəyirsə, birmənalı şəkildə və artıq maneələr çıxarmadan siyasi iradə və bu istiqamətdə praktik addımlar nümayiş etdirməlidir. Biz isə öz tərəfimizdən belə yanaşmanı tam dəstəkləyəcəyik. Amma bunu sadəcə, bəyan etmək yox, həm də həyata keçirmək lazımdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.