"Bakının sabit və təhlükəsiz şəhər olmasının şahidiyik"

Bakı həqiqətən çox möhtəşəmdir. Şəhərin gözəl məkanları, dadlı yeməklərin təklif olunduğu restoranları var. Azərbaycan xalqı çox mehriban, qonaqpərvərdir. Şəhərdən kənarda da, Bakı bulvarında da olduq. Burada hamıya qarşı eyni dərəcədə mehriban və səmimi münasibət göstərilir. Bakının sabit və təhlükəsiz şəhər olmasına özümüz şahid olduq. Bilirik ki, paytaxtınız bir çox idman yarışlarına uğurla ev sahibliyi edib və dünyada idman ölkəsi kimi tanınır.

Day.Az bildirir ki, bunu UEFA Avropa Liqasının final oyununu izləmək üçün oğlu Lloyd Tennant ilə Bakıya gələn "Arsenal" komandasının azarkeşi Brayan Tennant AZƏRTAC-a müsahibəsində deyib.

Final oyunu ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil edilən azarkeşlər festivalında səmərəli vaxt keçirdiklərini bildirən turist deyib ki, biz Avroliqanın kuboku ilə şəkil çəkdirdik. Tanınmış musiqi qruplarının rəngarəng çıxışları insana xoş anlar bəxş edir. Biz, həmçinin maraqlı "Virtual reallıq zonası"nda futbol bacarığımızı sınaqdan keçirdik. Oğlum uşaq zonasında müxtəlif attraksionlarda əyləndi, futbol məşqləri etdi. Bir sözlə, Bakıda azarkeşlərin əylənməsi üçün hər cür şərait yaradılıb.

"Mən "Arsenal" komandasının azarkeşiyəm. Dadlı yeməklər və içkilər təklif edən restoranlarda xidmət səviyyəsi də çox yüksəkdir. Britaniyadan Bakıya məsafə böyük olsa da, bu gözəl ölkəyə gəlməyə dəyər", - deyə ingiltərəli azarkeş vurğulayıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.