Azərbaycanda nağdsız ödənişlərdə tətbiq edilən vergi güzəştləri 3 il davam edəcək

Bu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur. 

Day.Az xəbər verir ki, Azərbaycan Vergilər Nazirliyindən ONA-ya verilən məlumata görə Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği cari ilin yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş verginin 25%-i həcmində azaldılır. 

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. 

Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.