Manatla kredit götürənlərin DİQQƏTİNƏ! - Problemin həlli yolu...

Bu il manatla götürülən kreditlərin həcmində artım müşahidə olunur.

Day.Az xəbər verir ki, vətəndaşların milli valyutaya meyl etməsini "Antikollektor" MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənov Redaktor.az-a açıqlamasında şərh edib.

O, bildirib ki, vətəndaşlar yenidən devalvasiyanın ola biləcəyindən qorxduqları üçün xarici valyuta ilə kredit göstərmək istəmirlər:

"Mövcud şəraitdə vətəndaşlarla yanaşı, sahibkarlar da krediti manatla götürməkdə maraqlıdır. Ümumilikdə, milli valyuta ilə kredit götürülməsinə maraq həmişə olub. Sadəcə banklar manatla kredit vermək istəmirlər. Çünki banklar ödəniş qabiliyyətli müştərilər tapa bimirlər. Digər tərəfdən isə Mərkəzi Bankın uçot dərəcəsini nisbətən aşağı salmasından sonra faizlərdə enmə müşahidə olunur. Manatla götürülən kreditlərin həcmində artım olması da bununla bağlıdır. Əslində, hazırkı göstərici o qədər də ciddi artım deyil.

Manatla götürülən kreditlərdə faiz dərəcələri dəyişkəndir.

Bütövlükdə  faiz dərəcələrində azalma müşahidə olunmur. Faiz dərəcələrinin yüksək olması bankların riskləri ilə birbaşa bağlıdır. Məhkəmə proseslərinin uzun çəkməsi, götürülən kreditin qaytarılmaması, bəzi hallarda məhkəmələrin banklara qarşı qeyri-obyektivliyi risk hallarını daha da artırır.

İstehlak kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmamasına bank lobbisi imkan vermədi.

Bu, çox mənfi haldır. Çünki bəzən banklarla yanaşı, sələmçilər, lombardlar və  digər kredit verən təşkilatlar vətəndaşların ağır vəziyyətindən sui-istifadə edirlər. Nəticədə yüksək faizlərlə kreditlər verilir. Problemin həlli yolu qanunvericiliyin təkmilləşdirilməsi və məhkəmə proseslərinin daha effektiv baş tutmasından ibarətdir".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, bu il aprel ayı ərzində milli valyutada kreditlər 1.4% (110.9 mln. manat) artaraq 8,093.9 mln. manata çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.