"Çelsi"də həm kişi, həm də oyunçu kimi böyüdüm" - Azarın vida sözləri

İndi bilirsiniz ki, "Real"a keçirəm. Sirr deyil ki, uşaqlıqdan bu klubda oynamağı arzulayırdım. Artıq klublar öz aralarında keçidlə bağlı razılığa gəliblər. Yəqin, siz də başa düşürsünüz ki, arzularınızı gerçəkləşdirmək üçün şans yarananda yeni səhifə açmaq lazımdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri ötən gün "Çelsi"dən "Real"a keçidi rəsmiləşən Eden Hazard şəxsi "Feysbuk" səhifəsində yazıb. London klubundakı 7 illik karyerasından sonra "zadəganlar"ı tərk edən belçikalı yarımmüdafiəçi komandası ilə vidalaşıb:

"Çelsi"dən getmək karyeramda ən böyük və ən çətin qərar oldu. İndi rəsmi şəkildə bəyan etmək istəyirəm ki, buradakı hər anımdan zövq almışam və heç vaxt başqa kluba getmək haqda düşünməmişəm. Bu komandaya cəmi 21 yaşım olanda gəlmişəm. Burada hamınız ilə birlikdə həm kişi, həmdə oyunçu kimi böyüdüm. Siz mənə Belçika millisinin kapitanı olmağa kömək etdiniz. Əlbəttə, çətin vaxtlarımız da oldu. Amma mənim üçün futbol top ayağımda olarkən aldığım zövqdür. Məşqçidən məsləhət istəyənlər üçün tövsiyyəm budur ki, sadəcə, futbol oynayın və həzz alın!".

Hazard daim ona dəstək olan yerli azarkeşlərə də təşəkkür edib: "Hətta pis oynadığımız vaxtlarda belə inanılmaz dəstəyinizə görə ən yaxşısını etməyə çalışdım. Döyüşçü ruhu, ehtiras və uduzmamaq arzusu "Çelsi" mədəniyyətinin bir parçasıdır. Bu isə birbaşa sizdən qaynaqlanır.

"Çelsi"dəki xüsusi anları xatırlayıram. Onlar o qədər çoxdur ki... Qazandığımız bütün titulları saya bilmərəm. Sadəcə onu deyə bilərəm ki, istər komanda, istərsə də fərdi şəkildə əldə etdiyimiz istənilən uğur inanılmazdır".

Nə vaxtsa pivə içəndə fəxrlə "Kristal Pelas"la çempionluq oyununda qaçırdığım penalti, əlavə vaxtda başla vurdğum qol, "Tottenhem", "Arsenal" və "Liverpul" kimi komandaların qapısından keçirdiyim topları müzakirə edə, gülə bilərəm. 

Bizim çoxlu əla oyunçumuz var. İngiltərə kuboku, Liqa kuboku, Avropa Liqası və Premyer Liqanı bir ailə kimi qazanmışıq. Onların hər biri özəldir. Əlbəttə ki, bir neçə gün öncə Bakıdakı oyun dünya çempionatından sonra bu uzun və ağır mövsümü başa vurmaq üçün ideal yol oldu. Çelsi", xüsusilə də azarkeşlər hər zaman mənim üçün özəl olaraq, qalacaqlar".

28 yaşlı futbolçu sonda klubun sahibi Roman Abramoviç olmaqla, rəhbərliyə minnətdarlığını bildirib: "Getməzdən əvvəl bir daha klubdakı hər kəsə böyük səylərinə görə "sağ ol" deyirəm. Həmçinin klubun sahibi Roman Abramoviç və onun idarə heyətinə təşəkkür edirəm ki, mənim bir yox, iki arzumu həyata keçirməyimə - əvvəl "Çelsi"nin, bu gün isə "Real"ın oyunçusu olmağıma kömək etdilər".