Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

Day.Az Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Qəbələdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

Z.Həsənov bildirib ki, tədbirin əsas mövzularından biri Azərbaycan və Türkiyə arasında baş tutan hərbi təlimlər olub. O, qeyd edib ki, hər iki ölkə bu təlimlərə Gürcüstanı da dəvət edir:

"Bildirmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır, misal üçün 2018-ci ildə 7 təlim icra olunmuşdursa, 2019-cu ildə 13 təlimin keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi bu təlimlər icra olunacaq. Mən Türkiyə və Azərbaycan hərbi təlimləri haqqında danışıram. Görüşdə də qeyd olundu ki, biz Gürcüstan tərəfini də bu təlimlərdə müxtəlif formada iştiraka dəvət edirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.