Parisdən ermənilərə daha bir

Ermənistanın və bütün dünya ermənilərinin "bizə ən yaxın ölkə, sadəqətli dost və hamimiz" adlandırdıqları Fransa hayların ümidlərini puç, gözləntilərini isə alt-üst etməyə davam edir.

Ermənilər son vaxtlarda ən ağır zərbəni mayın 29-da almışdılar. Həmin gün Sersi-Pontuaz İnzibati Məhkəməsinin qərarına görə, bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib.

Bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir.

Sersi-Pontuaz İnzibati Məhkəməsi "Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir" və "Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır" arqumentlərini rəhbər tutaraq, sözügedən xartiyanı ləğv edib.

Dünənsə Qrenobl İnzibati Məhkəməsinin (Tribunal administratif de Grenoble) qərarı ilə Drom, Valans, Bur le Valans və Bur de Peaq departamentlərinin Dağlıq Qarabağadakı 4 bələdiyyə ilə imzalanmış "Dostluq Xartiya"ları qanunsuz sayılaraq ləğv olunub.

Qrenobl Məhkəməsinin qərarına görə, sözügedən departamentlərin 26 ildən bəri işğal altında olan Azərbaycan əraziləri ilə belə sənədlər imzalamaq hüquqları yoxdur: "Eyni zamanda, həmin sənədlər Fransanın xarici siyasət kursu və prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. Sənədlər Fransanın yürütdüyü siyasətin əsas, təməl prinsiplərini nəzərə almır".

Olayla bağlı olaraq Fransadakı erməni diasporunun əsas media vasitələrindən olan "Nouvelles d'Armenie" saytı "Qrenobl məhkəməsi 4 dostluq xartiyasını ləğv etdi" (Le tribunal administratif de Grenoble annule 4 chartes d'amitié) başlıqlı məlumat yayıb.

Arnuvillin meri Paskal Dollun dediyinə görə, məhkəmənin qərarından narazıdır və kassasiya hikayəti verəcək. Fəqət, qarabağlı erməni separatçıları ilə "dostluq xartiya"ları imzalamış bölgələrin və şəhərlərin prefekturaları ilə meriyalarının rəsmi mövqeyi hələ açıqlanmayıb.

Fransız hüquqşünaslar və ekspertlər məhkəmə qərarlarının ləğvinə inanmırlar. Onların dediklərinə görə, Dağlıq Qarabağdakı inzibati vahidlərlə belə sənədlərin imzalanması Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinə zidd olmaqla yanaşı, Fransanın mövqelərinə uyğun deyil.

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olan Fransanın qarabağlı erməni separatçılarla "xartiya"lar imzalaması, əslində, separatizmə dəstəkdir.

Eyni zamanda, bu "xartiya"lar Azərbaycan-Fransa münasibətlərində də sərinlik yarada bilərdi və rəsmi Paris də anlayır ki, Bakı mütləq şəkildə adekvat addımlar atacaqdı.

Xatırlatmaq lazımdır ki, 20 dekabr 1993-cü ildə Fransa ilə Azərbaycan arasında imzalanmış "Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə"nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair üzərlərinə öhdəliklər götürüblər.

Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq, ilk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.

Bundan başqa, suveren dövlətin milli birliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan, eyni zamanda, qovma və ya etnik təmizləmə həyata keçirməklə bir araya sığmadığı yenidən təsdiqlənmiş "xalqların öz müqəddaratını təyinetmə hüququ"ndan istifadəyə icazə verməyən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək lazımdır.

Bununla yanaşı, işğal olunmuş ərazilərdən zorla qovulmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını tələb edən insan hüquqları prinsipi və beynəlxalq humanitar hüququn prinsiplərinə hörmət edilməli, onlar öz yurdlarına, evlərinə geri qaytarılmalı, kəndlər və şəhərlər ən qısa zamanda bərpa edilməlidir. Söhbət 1989-cu ildə əhalinin təqribən 24%-i təşkil edən 40 min azərbaycanlının Dağlıq Qarabağdan, həmçinin, 1992-1993-cü illərdə işğal edilmiş Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan qovulmuş azərbaycanlılardan gedir.

Bu şərtlər altında seçkili və ya yerli hakimiyyət orqanları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərdində yaradılmış və Fransa tərəfindən tanınmayan qeyri-qanuni separatist qurum olan qondarma "Dağlıq Qarabağ Respublikası"nı təmsil edən yerli orqanlarla "dostluq xartiyaları"nın imzalanması Fransanın beynəlxalq fəaliyyətinin ardıcıllığını ciddi şəkildə sarsıdır və xalqlar arasında qarşılıqlı anlaşmanın təməlini, o cümlədən beynəlxalq diplomatik münasibətlərin inkişafının harmoniyasını təhdid edir.

1997-ci ilin yanvarından bəri ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın öhdəlikləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq edir və "qanunsuz xartiyaların" ləğvinə dair Fransa hökumətinin möhkəm mövqeyi təkcə Ermənistan və Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə təhdid olan uzun müddət davam edən bu çıxılmaz vəziyyəti irəli apara bilər.

Münaqişənin ədalətli həlli yalnız region ölkələrinin deyil, Fransa da daxil olmaqla Avropalı tərəfdaşların faydalanacağı Cənubi Qafqaz regionunun dayanıqlı inkişafı və geniş regional əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

Elçin Alıoğlu
Milli.Az