Dünya dəhşətli partlayışlarla SARSILDI

Oman körfəzində üzən iki neft tankerində şiddətli partlayış baş verib.

Day.Az Redaktor.az-a istinadən xəbər verir ki, İran sahillərinə yaxın ərazidə qeydə alınan partlayışlardan sonra gəmi heyəti sahil ölkələrini təcili köməyə çağırıb. Məlumata görə, tankerlərdən biri batmağa başlayıb. 44 nəfərdən ibarət heyət üzvləri təxliyə edilərək, İrana məxsus dəniz limanına gətirilib.

Gəmilərin Marşal adaları və Panamaya məxsus şirkətlərə aid olduğu bildirilir. Tankerlər, Birləşmiş Ərəb Əmirliklərinə məxsus Əbu-Dabi limanında yüklənən nefti daşıyırmış.

"Tradewinds" portalının iddiasına görə, gəmilər atəşə tutulduqdan sonra partlayıb. Bölgədəki ABŞ donanmasından bildirilib ki, gəmi heyətindən onlara hücuma məruz qaldıqları barədə məlumat daxil olub.

Amerikalı hərbçilər kömək üçün əraziyə cəlb edilib. Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.