Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yarançasının 101-ci il dönümü münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi  münasibətilə silsilə  tədbirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb.

1969-cu ildə Heydər Əliyev ölkədə haklimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib.

Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib. 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

1998-ci il  mayın 22-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.