Xəbər verdiyimiz kimi, bu gündən müəllimlərin işəqəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayır. Proses iyulun 3-nə qədər davam edəcək. İyulun 8-dən isə test imtahanının başlaması planlaşdırılır.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Murad Camalzadə - TN-nin əməkdaşı: "Bu il 50 mindən bir qədər artıq namizədin bu müsabiqədə iştirakını gözləyirik. Ötən il 7-8 min vakant yer elan edilmişdi. Bu il ümid edirik ki, əvvəlki illərdən az olmayacaq".

Kamran Əsədov - Ekspert: "Müəllimlərin işəqəbul imtahanında imtahan iştirakçılarına 60 test tapşırığı təqdim edilir. 60 testin 40-ı ixtisas üzrə, 10 kurikulum, 10-u isə məntiq".

Murad Camalzadə - TN-nin əməkdaşı: "Bölmə və fənn fərqi qoyulmadan bütün fənlər üzrə namizədlər 90 dəqiqə ərzində imtahan verirlər. 90 dəqiqənin tamamında proqram təminatı avtomatik bağlanır. Namizəd istədiyi vaxt bütün suallara cavab verib çıxa bilər".

İmtahanlar ötən il olduğu kimi bu il də Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək. İmtahanların başlamasına hələ bir müddət qalsa da, bəzi şəxslərin imtahanlarla bağlı müəyyən irad və etirazları var. Bu isə daha çox vaxtla bağlıdır. Müəllim olmaq üçün imtahan verəcək bəzi şəxslər hesab edirlər ki, 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt kifayət deyil.

Ötən il müəllimlərin işə qəbul imtahanında iştirak edən və yetərli bal toplaya bilməyən Şamaxı rayon sakini Fazil Sadıqov da vaxtın azlığından şikayət edir.

Sadıqov Fazil - Şamaxı sakini: "Riyaziyyat fənninin sualları çətin olduğu üçün 90 dəqiqə ərzində bütün sualları cavablandırmaq çətindir. Ona görə də bu vaxtı əgər mümkünsə, uzadasınız".

Murad Camalzadə - TN-nin əməkdaşı: "Bu hallarla biz də rastlaşırıq. Sosial şəbəkədə oxuyuruq, müəllimlər müraciət edir və s. amma harda ki, hesablama həyata keçirilir, həmin fənlərdən bəzən ən yüksək bal toplayan namizədlər də olur. Yəni bu onu göstərir ki, əslində vaxt azlığı tam da əsaslı şikayət deyil".

Kamran Əsədov - Ekspert: "60 test tapşırığı üçün 90 dəqqiqə vaxt verilirsə, imtahan suallarının sayı vaxta bölünür. 90 dəqqiqə imtahan 60 suala bölünəndə bir sual üçün 1 dəqqiqə 30 saniyədən çox vaxt deməkdir. Bu da 4 il ali təhsil almış, hətta magistratura, doktorantura puilləsini bitirən şəxslər üçün kifayət qədər böyük bir zamandır".

Təhsil Nazirliyindən hazırda müəllimlərin işəqəbul imtahan müddətində hər hansı bir dəyişikliyin müzakirə mövzusu olmadıgı bildirildi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.