Malaxit daşının müalicəvi xüsusiyyətləri

Müxtəlif daş-qaşların fiziki təsir vasitələri var. Bəzi inanclara görə, üzərində daşıdığın daş enerjini uda və ya əksinə çevirə bilər.

Qədim zamanlarda malaxit çox nadir tapıldığına görə qiymətli daş hesab edilirdi. Unikal formasına görə, malaxitə ala-bəzək daş adı verilib. Ondan müxtəlif həmayillər, bəzək əşyaları, boyunbağılar və sancaqlar hazırlanır. Qədim Çində malaxitdən əsasən dekorativ əşyaların hazırlanmasında xammal kimi istifadə olunurdu.

Əfsanəyə görə, malaxit insanı görünməz edir, bədnəzərdən qoruyur. Misirlilər onun sehrli olduğuna inanırdılar. Yunanlar da malaxitin qoruyucu xassəyə malik olduğuna inanırdılar.

Malaxitin müalicəvi xüsusiyyətləri də çox maraqlıdır. İnanclara əsasən malaxit yaranın sağalmasını sürətləndirir, mənfi enerjini udur.

Day.Az bildirir ki, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: "Malaxit orqanizmdə serotonin hormonunun miqdarını artırır, xoşbəxtlik hissi yaradır. Onu üzərində gəzdirənlər nə vaxtsa baş vermiş hadisəni özlərinə deyil, başqa bir obyektə yükləmək istəyirlər. Beləliklə, həmin hadisənin ağırlıq və məsuliyyətini öz üzərindən atmış olurlar".

Həmin daşların rəngi nə qədər açıq çalarlı olarsa, onun müalicəvi xüsusiyyəti də o qədər güclü olur. Zümrüd yaşılımtıl daşlar ürək və qan damarları üçün faydalıdır. Daha tünd daşlar isə birbaşa ürək əzələlərinə təsir edir. Gümüşü çərçivə isə bu daşın müalicəvi xüsusiyyətlərini gücləndirir.

Malaxitin adı yunan dilindən götürülüb və tərcüməsi "yumşaq" mənası verir. Malaxit firuzəyi rəngdən qara yaşıl rəngə qədər digər daşlardan nəzərəçarpacaq dərəcədə seçilir. Psixoloq onun haqqında danışarkən qeyd edib ki, daşı aksessuar kimi üzərində gəzdirənlər də, evdən asanlar da var. Əslində isə enerji əşyada deyil, ona yanaşma tərzindədir.