“Tərbiyəçimi sevirdim, onu alacaqdım" - Məşhurlardan İNANILMAZ ETİRAFLAR

İlk sevgi daim beynimizin bir küncündə qalır və unudulmur.

Görəsən, məşhurlarımızın ilk sevgisi neçə yaşında və kimə qarşı olub?

Day.Az xəbər verir ki, aktyor Şəhriyar Əbilov ilk sevgisini Redaktor.az-a etiraf etdi:

"İlk dəfə 5 yaşında olanda 40 yaşlı qadını sevirdim. Hər dəfə onlara qonaq gedəndə əriyirdim, qayıdanda isə ürəyim partlayırdı. Ağlayırdım, deyirdim, hər gün məni onlara aparın".

Prodüser Təranə Səmədova ilk dəfə 11 yaşında sevgi hissi yaşayıb:

"Qonşuluqda yaşayan Ruslan adlı oğlanı sevirdim. Tipik saf uşaq sevgisiydi. Hər dəfə balkondan görəndə həyəcanlanırdım".

Aktyor Səbuhi Bayramov məktəb illərindəki sevgisindən danışdı:

"İlk dəfə yeddinci sinifdə oxuyarkən bir qızı sevirdim. İndi artıq ailəlidir".

Meyxanaçı Samirə Yusifqızı Redaktor.az-a açıqlama verdi:

"Birinci dəfə 15 yaşımda sevdim. Oğlan məndən yuxarı sinifdə oxuyurdu".

Aparıcı Cavid Gülün cavabı isə təəccübləndirici oldu:

"İlk dəfə 3 yaşımda sevgi hissi yaşadım. Buruq saç, göy göz qız idi. Fərəh idi adı. Amma böyüyəndən sonra ilk ciddi sevgim 23 yaşında olub".

Aparıcı Dəniz Nəbiyevanın ilk sevgisi 17 yaşında olub:

"Azərbaycanın milli futbol komandasında məşhur futbolçularımızdan biriydi. Sevgimiz əsl Leyli və Məcnunun hekayəsinə bənzəyirdi. Valideynlərim icazə vermədi ailə həyatı qurmağımıza. 17 yaşında başladı, 25-də bitdi. Əsl sevgi qovuşmaqdır, amma hazırda ondan əsər-əlamət yoxdur. Qızım var və o sevgini xəyal kimi xatırlayıram. İllərimi sərf etdiyimə görə peşman deyiləm, çünki tələbəlik illərim məhz onunla keçib".

Müğənni Nadir Qafarzadə Redaktor.az-a danışdı:

"İlk dəfə altıncı sinifdə sevgi hissi yaşadım. Bolqarıstana yay düşərgəsinə getmişdim. Orada türk qız ilə tanış oldum. Adı Səhər idi. Bir-birimizi sevirdik. İlk gördüyüm türk qızı o idi, bir-birimizi güclə başa salırdıq. Uşaqlıq sevgisiydi".

Parodiyaçı Elnur Mahmudov maraqlı açıqlama verdi:

"İlk dəfə baxçada tərbiyəçimi sevmişəm. Böyüyəndə elə bilirdim ki, onu alacam".

Aparıcı Kamran Quliyev ilk dəfə birinci sinifdə sevgi hissini keçirib:

"Həmişə ön sırada otururdu. Üzü və adı yadımda deyil. Ancaq saçlarını xatırlayıram. Qısa, kare saçlı qız idi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.