GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Ümumdünya Səhiyyə Təşkilatı onların təhlükəsiz olduğunu bəyan edir, yerli mütəxəssislər isə SOS siqnalı verir; Eyyub Hüseynov: "İstehlakçılar aldadılır..."
Azərbaycanda GMO məhsulların siyahısı açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev geni modifikasiya olunmuş (GMO) bitki növlərinin siyahısını yayıb. Siyahıda 30 bitki növünün adı var.
Buraya pomidor, yemiş, alma, kartof, lobya, qarğıdalı, şirin bibər, badımcan gavalıdan tutmuş yoncaya, kətana, şəkər qamışına kimi bir çox məhsul növlərinin xüsusi sortları daxildir. Sortlar isə əsasən Kanada, Çin, Meksika, ABŞ, Yaponiyaya məxsusdur. Medicina.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Qeyd edilib ki, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) geni modifikasiya edilmiş bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş əks təsiri aşkar olunmayıb.
Sitat: "Avropa Komissiyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO-nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur".
Burada əsas diqqət çəkən məqam ÜST-nin GMO-nu təhlükəsiz hesab etməsidir. Çünki Azərbaycan mütəxəssislərinin əksəriyyəti bunu insan orqanizmi üçün təhlükəli hesab edir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bütün dünyada istehlakçılar aldadılır: "İnsanların sağlam və uzunömürlü olması onun özündən və ailəsindən başqa heç kimə lazım deyil. Heç bir dövlət ölkənin 80 faizinin pensiyaçı olmasını və dövlət büdcəsindən "yeməsini" istəmir. Bütün dünyada istehlakçı hüquqları pozulur, onlar aldadılır. Ən inkişaf etmiş dövlətlərə belə büdcədə pul lazımdır. Ona görə də Avropa İttifaqının direktiv sənədləri, Ümumdünya Səhiyyə Təşkilatı və digərləri istehlakçıları aldatmaqla məşğuldurlar. Bütün tibb müəssisələri, dərman şirkətləri xəstə istəyir. Bütün tibb dünyası xəstə istəyir. Elə bir məntiq yoxdur ki, ÜST-nin insanların sağlamlığını düşündüyünü izah etsin".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре