Masallıdakı dəhşətli qəza ilə bağlı yeni faktlar

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Baku TV-nin əməkdaşları qəza nəticəsində bir evdən üç nəfərin - ata və iki azyaşlı oğlunun öldüyü Rzayevlər ailəsinə baş çəkib. Bu gün onların üç mərasimdir. 

Rzayevlər ailəsinin yaxınları qəzada birbaşa "99 LH 458" nömrəli "Mercedes" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayevin günahkar olduğunu bildirirlər. Onların sözlərinə görə, qəzanı törədən şəxs hər zaman avtomobili yüksək sürətlə idarə edirmiş. İddiaya görə, hadisə baş verən gün sürücü 270 kilometrlik yolu bir saata qət edib.

Qəza baş verən günü sürücünün həyat yoldaşı, bacısı və bacısının azyaşlı övladı da avtobusda olub. İddia olunur ki, hətta Nizami Mustafayev maşını yüksək sürətlə idarə etdiyi üçün öz həyat yoldaşı avtobusdan düşərək qayınatasının avtobusuna minib.

Ailənin yaxınları sonda müvafiq qurumlara müraciət edərək, bu kimi sürücülərə qarşı ciddi tədbirlər görülməsini istəyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.