Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikası vətəndaşı Nasiri Shamlou Mehran Yousef oğlu və Azərbaycan Respublikası vətəndaşı Xakipur Jalə Mikayıl qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirəcəkləri barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Day.Az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşlar saxlanılıb, onların üzərinə və əl yüklərinə baxış keçirilib.

Şəxsi yoxlama zamanı onların üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşların tibbi müayinəsi nəticəsində Nasiri Shamlou Mehran Yousef oğlunun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 2 ədəd bağlamada 72 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 86 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin aşkarlanıb.

Əl yüklərinə baxış zamanı isə xanım vətəndaşa məxsus əl çantasının içərisindən 1 ədəd 100 ml-lik plastik qabda və digər vətəndaşın şəxsi geyim əşyalarının yerləşdirildiyi qara rəngli çamadanın içərisindən isə 2 ədəd 50 ml-lik dəmir qabda spesifik iyli metadon məhlulu aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

30%-dək olan cashback-dən indi yararlanın