“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb

"İrəli" İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə ikinci "Marş İrəli" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb. 

Goranboy rayonunda düşmənlə təmas xəttinə yaxın bölgədə, açıq hava şəraitində keçirilən layihənin bağlanış mərasimində birliyin işçi heyəti, layihə iştirakçıları N saylı hərbi hissədə əsgərlərlə görüşüblər.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birliyin sədr müavini Orxan Rüstəmov, Goranboy rayon icra hakimiyyətinin sektor müdiri Faiq  Muradov, Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov əsgər və komandir heyəti, qonaqları salamlayaraq Azərbaycan əsgərinin gücünə, iradəsinə xalqımızın inamının sonsuz olduğunu, bu kimi hərbi-vətənpərvərlik istiqamətində olan layihələrin əhəmiyyətini vurğulayıblar. "İrəli" gəncləri hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, təlim-tədris mərkəzi, hərbi silah-sursat ilə tanış olublar. Daha sonra layihə iştirakçıları əsgər yeməyi yeyərək mədəni-əyləncəli proqramı izləyiblər. 

Birlik tərəfindən həqiqi hərbi xidmət zamanı fərqlənən əsgərlərə fəxri fərman və dəyərli hədiyyələr verilib. 

Layihənin əsas məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir. 

Layihədə gender bərabərliyi qorunmaqla, respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən, yaşı 17-dən 25-ə qədər olan, 200-dən çox gənc iştirak edib. 

İştirakçılar düşərgə ərazisindən Ballıqaya ərazisində yerləşən "Hər şey vətən üçün" yazılan zirvəyə yürüş ediblər. 

Layihə çərçivəsində iştirakçılar çoxnövçülük üzrə ip dartma, maneəli qaçış, bıçaq atma idman yarışlarında iştirak ediblər. Həmçinin, atıcılıq üzrə təlim keçirilib, daha sonra iştirakçılar atış bacarıqlarını sərgiləyiblər. İştirakçılara "özünü müdafiə", ilkin tibbi yardım təlimi keçilib, hərbi sıra düzülüşləri öyrədilib. Gənclər Aprel qaziləri ilə də görüşüblər. Görüşdə vətənpərvər gənclik, həqiqi hərbi xidmət və Aprel zəfəri haqqında müzakirələr aparılıb.

Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazi bütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünü hazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamanda, müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihənin qarşısına qoyduğu əsas hədəflərdən biridir.