Bu festival Azərbaycanda ilk dəfə keçiriləcək: od üzərində dovğa, buğlama ...

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, "Yaylaq Yurdu" adlı etnoqəsəbə Gədəbəydə iyulun 26-da başlayacaq.

Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.

Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.

Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.