Yaponiyada ölkənin ilk üzdən tanıma şirkəti olan "Ayoniksi"ni qurmuş türk alimi Sədi Vüral parkinson, altsheymer, xərçəng kimi bir sıra ağır xəstəlikləri sifətdən aşkarlayan texnologiya hazırlayır.

Day.Az Teleqraf.com-a istinadla xəbər verir ki, doktor Sədi Vüralın inkişaf etdirdiyi bu texnologiya hazırda dünyanın 30 ölkəsində tanınır.

Bu texnologiya ilə xərçəng, parkinson, altsheymer kimi xəstəliklərin də təyin oluna biləcəyini bildirən Sədi Vüral sistemdə artıq son tamamlama işlərinin aparıldığını bildirib.

Bundan başqa, sistemin gizlilik əsasında insanların xoşbəxt olub-olmaması, yaş, cinsiyyət, şəxsi bilgilər kimi məlumatları da oxuya biləcəyini deyən doktor xəstəlikləri sifətdən müəyyənləşdirilməsi üzərində aktiv çalışdıqlarını qeyd edib.

Doktorun dediyinə görə, bunu həkimlərin, yoxsa fərdin özünün icra etməsi qarşıdakı mərhələdə konkretləşəcək. O, sistemin mobil telefonlara da tətbiq ediləcəyini bildirib:

"Sizin səhhətinizlə bağlı problem varsa, mobil telefonunuz sizə həkimə müraciət etməli olduğunuzu və müalicə nəticələrinin müsbətə doğru gedib-getməməsini bildirəcək".

Sədi Vüral bəzi xəstəliklərin əlamətlərinin üzə çıxdığını bildirib: "Üzdə bəzi nöqtələrə diqqət yetirməliyik. Məsələn, sizin ürəyinizdə narahatlığınız varsa, üzün bəzi hissələrində dəyişiklik əmələ gəlir. Beyinə gedən bəzi damarlar üzdən keçir. Şişlər, təzyiq üzdə dəyişkənliklərə səbəb olur. İndiyədək bu sahədə xeyli müsbət nəticələr əldə etmişik".

Xərçəng xəstəliyinin gizli getdiyini, yalnız son mərhələdə üzə çıxdığını xatırladan alim bu barədə də danışıb: "Məqsədimiz xərçəngi onun inkişafının ilk pilləsində aşkar etməkdir. Belə olarsa, şişin müalicəsi üçün cərrahi və şüa müalicəsinə ehtiyac qalmayacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.