İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz  25-27°  isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək - 763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 faiz olacaq.   

Azərbaycanın rayonlarında isə hava yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli  olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz  24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti təşkil edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.