Kondisionerlər niyə yanğın törədir? – Mütəxəssis xəbərdarlığı

Kondisioner mağazalarında çalışan mütəxəssislər bildirirlər ki, insanlara hər dəfə məlumat versələr də, onlar buna əməl etmirlər...

Bakıda yaşayış binalarında, obyektlərdə baş verən yanğınların səbəbi kimi əksər hallarda qısa qapanma göstərilir. Qısa qapanmaya isə çox zaman obyektdə olan kondisionerin səbəb olduğu bildirilir. Bəs kondisioner niyə evimizi yandırır?

Yay mövsümü başa çatsa da kondisioner mağazalarından öyrəndik ki, insanlar daha çox yaz və payız aylarında bu məişət cihazını almağa üstünlük verirlər. Səbəb isə bu aylarda olan endirimlərlə bağlıdır.

Adətən kondisioneri, aldığımız yerdən göndərilən usta heyəti, yaxud da bu xidməti göstərən başqa bir servis quraşdırır. Lakin bu işi özü həyata keçirənlər də var. Servis heyəti ev (obyekt) sahibinin göstərdiləri yerdə bu məişət cihazını quraşdırmaqla, işlərini bitmiş hesab edirlər. Bəs bizim təyin etdiyimiz yer doğru yerdir?

Bizimyol.info xəbər verir ki, Musavat.com bu barədə kiçik araşdırma edib.

Bir neçə kondisioner satılan mağazada olub, mütəxəssislərlə söhbət etdik. Mütəxəssis Elvin Abdullayev bildirdi ki, insanlar kondisioner alan zaman bir çox məsələlərə diqqət etmirlər ki, bu da böyük fəlakətlə nəticələnə bilir: "Əvvəla problem odur ki, alıcı kondisioneri evin ölçüsünə uyğun almır. Məsələn, 80 kvdratlıq evə 40 kvadrat gücündə olan kondisioner alır. Düşünür ki, cihazı bir otağa quraşdıracaq və lazım gəldiyində qapını açmaqla digər otaqlara da sərin havanı ötürəcək. İsti yay gecələrində düşündüyü kimi edir və nəticədə kondisioner fasiləsiz olaraq, son gücü ilə səhərə qədər işləməli olur. İndiki binalarda əksər elektrik xətlərinin "N" kəsiyi 2-likdir(2 mm). Bu azmış kimi, həmin xətt də otağa gələn ümumi xətdən götürülüb. Əslində isə yaxşı olar ki, kondisionerin xətti ayrıca olmaqla 4-lük kabellə çəkilsin. Digər məsələ budur ki, kondisioneri dar bir koridora qoyurlar. Düşünürlər ki, yenə də qapıları açıb, havanı paylaycaqlar. Bu da düz deyil. Çünki dar koridoru soyudan kondisioner, artıq tam işləmir. Bu isə cihazın özünə zərərdir. Ona görə də müştəri kondisioner seçən zaman ilk olaraq quraşdırma yerini doğru təyin etməli, evin ölçüsünü nəzərə almalıdır. Kondisioner tavandan 10 sm, yan divardan 1 metr, poldan isə 2.80 sm aralı olmalıdır. Eyni zamanda çöldə quraşdırılan motor hissə də çox uzaq məsafədə olmalı deyil. Belə olarsa, yanğın baş verməz".

Mütəxəssia bildirdi ki, bu barədə hər bir müştəriyə məlumat verilir: "Müştəriyə deyirik ki, elektrik enerjisinə qənaət edən, (A enerji) cihazları alsınlar. Ancaq onlar əksər hallarda buna məhəl qoymurlar. Ucuz mala qaçırlar. Ucuz malın isə əlavə xərcləri olur. Məsələn, dediyim kimi, güclü elektrik xətti əsas şərtdir. Ancaq bu şərti də etmirlər. Nəticədə havalar qızan və ya soyuyan kimi yanğınlar başlayır. Bakıda ən çox yanğın havaların çox isti və çox soyuq olduğu zaman baş verir. Səbəbi də məlumdur, izahını verdik".

Onu da qeyd edək ki, elektrik xətlərinin satıldığı yerdə olduğumuz zaman, oradakı satıcılar da oxşar fikirlər söyləmişdilər. Satıcılar bildirmişdilər ki, insanlara kabellərin gücü, keyfiyyəti barəsində məlumat verirlər.

Ancaq alıcı ucuz olduğu üçün zəif kabeli almağa üstünlük verir. Xüsusilə də hazırda Bakıda "makler evləri" deyilən tikilib, satılan həyət evlərində bu baxımdan vəziyyət acınacaqlıdır. Çünki satıcılar bildirirlər ki, daimi tanıdıqları ev tikintisi ilə məşğul olan "makler" lər hər dəfə eyni cür, keyfiyyətsiz kabelləri alırlar.

Onu da qeyd edək ki, son zamanlar istər elektrik xətlərinin, istərsə də məişət texnikalarının qiymətində artım var. Xüsusilə də, enerjiyə qənaət edən, A sinfinə məxsus cihazlar daha da bahadır...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.