34 il sonra azadlığa çıxdı - Günahsız imiş

İki qətlə görə həbs edilən ABŞ sakininin 34 il sonra günahsız olduğu üzə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, 1980-ci ildə dəmir barmaqlıqlar arxasına düşən Keti Budz kompensasiya alacağına ümid edir.

"Daily Mail" nəşrinin yazdığına görə, hazırda 68 yaşı olan qadına 3 milyon dollar kompensasiya düşür.

"Heç bir kompensasiya xanım Budzun bu illər ərzində keçirdiyi əzabların qarşılığı olmasa da, ümid edirik ki, bu məbləğ ona layiqli qulluğu təmin edəcək", - deyə qadının vəkili Elizabet Banq bildirir.

Qeyd edək ki, haqqında söhbət gedən cinayət işi 1976-cı ildə San-Fransiskoda baş verib. Cinayətin qurbanları 17 yaşlı Pola Bakster və 19 yaşlı Mişel Mitçell olub. İstintaqı aparan dedektivlər cinayəti həmin vaxt psixi xəstəxanada yatan Budzun üzərinə yıxmaq üçün dəlilləri saxtalaşdırıblar.

Bu isə yalnız 2014-cü ildə - texnologiya cinayət hadisələrindən birinin baş verdiyi ərazidəki siqaret kötüklərindəki DNT-nin kimə məxsus olduğunu müəyyən etməyə imkan verdikdən sonra üzə çıxıb. Araşdırmanın nəticələri bu işlərin Rodni Xelbauer adlı şəxs tərəfindən törədilən digər cinayətlərlə əlaqəsini göstərib. Onun hesabında isə 6 gənc qadının qətli var. Hazırda o, ömürlük həbs cəzası çəkir.

2015-ci ildə Keti Budz günahsız elan olunub və azadlığa çıxıb. Lakin onun işiylə bağlı məhkəmə hələ də davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.