“Mənə niyə çəp baxırsan?” sözü qanla bitib... - Əzimin ailəsi şikayətçidir

Gəncədə bu ilin oktyabr ayında ailələr arasında baş verən kütləvi dava 17 yaşlı gəncin ölümü ilə nəticələnib. Həmin insident zamanı vəfat edən Əzim Verdiyevin yaxınları istintaqın gedişatından narazıdırlar. Day.Az xəbər verir ki, Ə.Verdiyevin xalası Şəfəq Namazova "Qafqazinfo"ya müraciət edərək deyib ki, hadisə oktyabrın 22-də Gəncədə "Xan arxı" deyilən ərazidə baş verib.

Ş.Namazovanın sözlərinə görə, Ə.Verdiyev peşə məktəbində bərbər peşəsi üzrə təhsil alıb və atası Elşadın yanında bərbər işləyib. Hadisə günü atası ilə işdən çıxıb evlərinə gedərkən Əzimi dostu Azər Qurbanov zəng edərək "məni təkləyib döyürlər, tez gəl" deyib. O da idman çantasını atasına verərək həmin yerə gedib. Əzim Verdiyev idmanla məşğul olub, bir neçə dəfə turnirlərdə çempion olub. 17 yaşlı Əlimurad Həsənov da Əzimlə birgə bərbərxanada işləyirmiş. O da Əzimlə Anarın yanına gedib. Həmin yerə çatanda görüb ki, 15 yaşlı Elgün M. onun atası Rövşən, əmisi Heydər, Heydərin oğlu Sərdar və bibisi oğlanları orada Azərlə mübahisə edirlər. Səbəb də budur ki, Azər Elgünün bibisi oğlu Xəyala deyib ki, "mənə niyə çəp baxırsan?", o da cavabında "yaxşı edirəm, mənim baxışım belədir" deyib. Buna görə mübahisələri düşüb. Xəyalgil Salyanda yaşayır, Gəncədə bu söhbətə görə gəliblər.

Əzim onları aralaşdırıb və sakitləşdirərək kənara aparıb. Elgünlə Azər 38 saylı məktəbdə oxuyurlar. Gəzə-gəzə həmin məktəbin yanına gediblər, orada Sərdar cibindən bıçaq çıxarıb. Atası Heydər bıçağı onun əlindən alaraq kənara atıb. Orada qohumlar yenə Azəri döyməyə başlayıblar, Əzim onu digərlərinin əlindən alıb, Azər qaçaraq uzaqlaşıb. "Xan arxı" deyilən yerdə Elgünün atası Rövşən Azəri tutaraq döyüb, başına stol-stul çırpıb. Azər dözməyib yaxınlıqdakı kafeyə girib bıçaq götürərək çıxıb və qışqıraraq "məni niyə öldürürsünüz? Sizin hamınızı vuracam" deyib. Əzim bıçağı onun əlindən alaraq kənara tullayıb. Bu zaman kütləvi dava başlayıb və onlar 7 nəfər kişi Əzim, Əlimurad və Azəri döyməyə başlayıblar.

Ş.Namazova hadisə zamanı xəsarət alan Əlimurad Həsənovun sözlərini təkrarlayıb: "Əlimurad dedi ki, "bir də gördüm hamı qaçdı, Əzim yerdə idi. Sərdar da onun üstündə durub sinəsinə yumruq vururdu. Qaçıb onu itələdim, Əzim ayağa durdu, əlini sinəsinə tutub, başı aşağı "kurtka"sını götürməyə getdi. Bu vaxt Heydər onun üstünə cumub vurmaq istəyəndə Əzim dizləri üstdə yerə yıxıldı, mən qaçıb onu tutdum. Bu vaxt kimsə məni arxadan kürəyimdən vurdu. Orada olan adamlara, taskilərə nə qədər yalvardımsa, heç biri Əzimi maşına götürüb xəstəxanaya aparmadı. Əzim yerdə uzanılı qaldı, o mənə "Əlimurad, əlimi buraxma, qoyma ölüm" dedi.

Ş.Namazova əlavə edib ki, 17 yaşlı Əzim xəstəxanaya aparılarkən yolda ölüb: "Heydər maşını ilə orada olub, öz qohumlarını maşına yığaraq getmək istəyiblər. Əzimin qan içində olduğunu görəndən sonra qohumlarını düşürdüb, Əzimi götürərək xəstəxanaya aparıblar. Amma bunu vaxtında yox, çox gec etdikləri üçün Əzim ölüb".

Şəfəq Namazova bildirir ki, bu işlə bağlı yalnız Elgün M-in həbs edilməsi ədalətsizlikdir: "Onlar bir dəstə olublar, Əzimi, Əlimuradı, Azəri döyüblər. Prokurorluq bizə video görüntüləri göstərmir. Deyirlər ki, Elgün Əzimi vurandan sonra bıçağı tullayıb, kafedə əlini yuyaraq çıxıb gedib. Bəs onda Əlimuradı kim vurub? Orada olanların hər biri cinayət məsuliyyətinə cəlb edilməlidir. Amma bu gün Rövşən öz kafesində kabab bişirib satır. Camaata da deyir ki, prokuror Elgünün buraxılması üçün pul istədi, verdik, razılığa gəldik. Şayiə yayır ki, Elgünü da buraxdıracaq. Orada olan hər kəsin əməlinə hüquqi qiymət verilməlidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.