Amerikada milli musiqimizi təbliğ edən azərbaycanlı - FOTO

Adət və ənənələrimizə çox bağlı insandır. Uzun illər Amerikada yaşamasına baxmayaraq, milli kimliyini hələ də itirməyib. Əsl azərbaycanlı xanımına xas olan görkəmi, mədəniyyəti, davranışı onu daha da möhtəşəm göstərir. Son dərəcə duyğusal və romantik bir xarekterə malikdir. İntuisiyası güclü olduğundan olacaqları öncədən hiss edə bilir. İncə ruha sahibdir, gözəllikdən zövq almağı bacarır. Həssas musiqi duyumu ilə yanaşı, məlahətli səsi də var...

Milli.Az modern.az-a istinadən bildirir ki, Atası Ramiz Rəhimov uzun illər Bakıda inşaatçı-mühəndis kimi çalışıb. Anası Tamella Əhmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal şöbəsində müəllim işləyib...

Haqqında söhbət açdığım Renara Rəhimova Bakı şəhərində dünyaya gəlib. 8-ci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. 1988-1992-ci illərdə indiki Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil alaraq piano müəllimi ixtisasına yiyələnib.

1992-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında əvvəlcə piano və vokal sənəti üzrə bakalavr, 1997-1999-cu illərdə isə vokal üzrə magistr dərəcələrinə yüksəlib.

1999-2005-ci illərdə 23 və 35 nömrəli musiqi məktəblərində müəllim, eyni zamanda, 2002-ci ilədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrda solist, 2001-2005-ci illərdə isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsertmeystr-vokalist kimi çalışıb. 2005-ci ildən Şimali Karolina ştatının High Point şəhərində yaşayır...

...Ömür-gün yoldaşı Həsən Həsənov şirkətlərin birində keyfiyyət üzrə mühəndis vəzifəsində işləyir. Steven adında bir oğlu var. Steven 10 yaşındadır...

Renara xanım ABŞ-da məskunlaşandan sonra yaratdığı studiyada fərdi piano dərsləri keçməklə yanaşı, yəhudilərin sinaqoqunda fəaliyyət göstərən kvartetdə solist kimi də çalışır. 2018-ci ildən isə High Point şəhər St. Marys music Akademyasında vokalist və pianoçu tələbələrə pianonun sirlərini tədris edir. Eyni zamanda, sinfonik kopellanın solistidir. Bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək, finala çıxa bilib. Bir neçə dəfə solo konsertləri baş tutub...

Solo konsertlərində Qara Qarayevin, Fikrət Əmirovun bəstələrini tez-tez ifa edən bu xanım, həm də yağlı boya ilə rəsm çəkməyi xoşlayır. Gül-çiçək əkib-becərməkdən zövq alır. Mütaliə etməkdən yorulmur. O qədər mərhəmətlidir ki, imkansız ailələrdən olan uşaqları da unutmur, onlara pianodan təmənnasız dərs keçir. İndiyədək neçə-neçə istedadlı şagirdinin qocalar evlərində solo konsertini təşkil edib...

 

Arzuları böyükdür. İstəyir ki, Qarabağ tezliklə işğaldan azad olsun. Ölkəmizdə sülh və əminamanlıq hökm sürsün. Oğlu Stevenə yüksək təhsil verib, onu əsl azərbaycanlı kimi böyütsün...

Ömrünün ən şirin, qayğısız çağlarını Azərbaycanda keçdiyini dilə gətirir. Müəllimlərini- Lütfiyar İmanovu, Gülcahan Əhmədova-Martınovanı, Abram Neymanı, Naira Həsənovanı xatırlayıb kövrəlir.

Deyir ki, Amerika möhtəşəm ölkədir: "Dünyanın hər yerindən insanlar axışıb gəlir. İstərdim ki, azərbaycanlıların da sayı artsın. Və bütün dünya xalqları bizim necə istedadlı, bacarıqlı millət olduğumuzun şahidi olsun"...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.