Azərbaycanda bu şəxslərə əlillik statusu müddətsiz veriləcək

Azərbaycanda bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək.

Day.Az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bu dəyişikliyə əsasən, irsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanununa uyğun olaraq müəyyən edilir.

İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.