Bəhruz Quliyev: Ordumuz barədə yalan məlumatlar yaymaq dövlətimizə və millətimizə xəyanətdir

İşğalçı və təcavüzkar Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatda şanlı Ordumuz layiqli cavab verdi və bundan sonra da verəcək. Lakin diqqət çəkən daha bir məqam bu oldu ki, iyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya xalqımızda, cəmiyyətimizdə vətənpərvəlik ruhunun nə qədər yüksək olduğunu bir daha sübuta yetirdi.

Bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, xüsusilə gənclərin bu aksiyada fəallığı, Silahlı Qüvvələrimizin tərkibinə qatılaraq düşmənlə döyüşmək istəyi bizləri sevindirir və qürurlandırır.

"Söz yox ki, belə bir məqamda ümumxalq maraqlarından çıxış etmək, əsl vətənpərvərlik nümayiş etdirmək hər kəsin haqqıdır", deyən siyasi ekspert digər bir məqama da toxunaraq bildirib ki, bu kütləni başqa istiqamətə yönəltmək cəhdi missionerlikdir və aksiyanın ahənginə uyğun deyildi: "Təəssüf ki, hər birimizin fəxrlə izlədiyimiz bu aksiyada vətənpərvərlik adı altında kirli əməllərə rəvac verənlər də tapıldı və əlbəttə ki, belə hallar qətiyyən yolverilməzdir. Baxın, bir sıra müxalifət partiyalarının liderləri dərhal siyasi fəaliyyətlərini dondurduqlarını, dövlətin, hakimiyyətin, xüsusilə də Ali Baş Komandanın ətrafında birləşdiklərini, artıq siyasətçi deyil, bir əsgər olduqlarını, əmr gözlədiklərini bəyan etdilər. Söz yox ki, bu vətəndaşın qəlbinin dərinliyində olan Vətən sevgisindən, dövlətə bağlılığından irəli gələn real hisslərdir. Ancaq bu vəziyyətdə cibində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini daşıyanların hadisələri məhz xarici missioner kimi təxribat törətmək cəhdləri üzə çıxarkən, artıq belə qənaətə gəlmək lazımdır ki, belələrinin - təxribatçıların və xaos marağında olanların vətəndaşlıqlarını təsdiq edən sənədi ciblərində gəzdirməyə haqları yoxdur. Çünki sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatların yayılması, bir sıra maraqlı qruplar tərəfindən təxribatçılıq cəhdlərinin realizəsi bilavasitə Ordumuza, dövlətimizə, xalqımıza, millətimizə olan xəyanətdir".

"Bu cür fərdlər hər zaman olublar və biz 90-cı illərin əvvəllərində cərəyan edən olayları, anarxiya və özbaşınalıqları xatırlayarsaq, iyulun 14-15-də də həmin hadisələri yenidən yaşatmağa səy göstərənlərin aksiyaçıların içinə sirayət etdiklərini deyə bilərik", deyən Bəhruz Quliyev əlavə edib ki, məhz milli birlik, həmrəylik sayəsində belə ünsürlərin qarşısı alınır, bundan sonra da alınacaq: "Azərbaycan xalqının sarsılmaz iradəsi, gücü və mübarizə ruhu əbədidir. Pozuculuq edənlər də bunu yaxşı bilirlər və ona görə də, hər bir vətəndaş, hər bir ictimai, siyasi və s. sahələrdə fəaliyyət göstərən xadimlərimiz onlara qarşı sərt, kəskin fikirlərini səsləndirməli, ifşa etməlidirlər. Çünki Azərbaycan xalqı həm də nizamlı, intizamlı xalqdır və biz bunu yaxın tarixlərdə də görmüşük. Bu nizamı pozmağa çalışanların hüquqi qiymət alacaqlarına da kimsə şübhə etməməlidir. Belə bir həssas məqamda qeyd edilən addımlara rəvac verənlər xalqımız tərəfindən də şiddətlə qınanılır. Ona görə də hesab edirəm ki, yağı düşmənin əlinə hər hansı bir imkanı vermək ən böyük xəyanət, ən böyük cinayətdir. Biz bundan sonra da həmrəylik, birlik və ümumxalq maraqlarından çıxış edərək, Ali Baş Komandanımızın, Ordumuzun, müqəddəs dövlətçilik maraqlarımızın ətrafında daha sıx birləşəcəyik".