Mülki insanlara hücum qəbuledilməzdir

Bizim Azərbaycanla münasibətimiz yaxın dostluğa və dərin tarixi köklərə əsaslanır və iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq mövcuddur.

Day.Az  Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumuna məruz qalan hadisə yerinə baş çəkərkən deyib.

Səfir jurnalistlərə açıqlamasında hadisədən çox kədərləndiyini diqqətə çatdırıb:

"Raket atəşi nəticəsində dəhşətli dağıntıları görmək, Azərbaycan xalqına və Gəncə əhalisinə, həlak olanların ailələrinə başsağlığı vermək üçün bura gəlmişəm. Eyni zamanda yaralıların tezliklə sağalmasını arzu edirəm.

Raket atəşindən əziyyət çəkən insanların bir qismi ilə görüşmüşəm və digərləri ilə də görüşəcəyəm. Onların söylədikləri ürəkağrıdıcıdır. Biz israillilər müharibənin və hücumların, xüsusilə günahsız insanlara qarşı hücumların dəhşətli nəticələrini yaxşı bilirik. Milliyətindən, etnik mənsubiyyətindən və irqindən asılı olmayaraq mülki insanlara hücum qəbuledilməzdir. Heç kim bu cür şəraitdə yaşamamalıdır və heç kim gecə yarısı yatarkən öz doğmasını, yaxınını, dostunu, qonşusunu itirməməlidir.

Bizim Azərbaycanla münasibətimiz yaxın dostluğa və dərin tarixi köklərə əsaslanır və iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq mövcuddur. Bu dostluq heç kimin əleyhinə yönəlməyib. Biz Azərbaycanla dostluğumuzu yüksək qiymətləndiririk və bu dosluğa əsaslanaraq mən bu gün bura gəlmişəm.

Biz eyni zamanda raket atəşindən əziyyət çəkən insanlara humanitar yardım gətirmişik. Mən Azərbaycan hökumətinə və Gəncə şəhərinin rəhbərliyinə məni qəbul etdiyinə görə təşəkkür edirəm və bir daha Azərbaycan xalqına başsağlığı verirəm".