Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir.

Hər gün qəhraman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar alırıq. Müharibə eyni zamanda informasiya cəbhəsində də gedir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi il müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənə həm döyüş meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Təcavüzkar Ermənistanın 27 sentyabr tarixindən Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı vaxtdan bəri cənab Prezident dünyanın çoxlu sayda məşhur televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təxribat, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayyətlər, Azərbaycanın həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması, atəşkəs rejiminin pozulması və digər mühüm məsələlər barədə dünya ictimayyətinə Azərbaycanın mövqeyi barədə məlumat vermişdir.

23 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni Yaponiyanın məşhur "Nikkei" qəzetinə vermişdir. Müsahibə vaxtı müxbirin birinci və ikinci atəşkəsin pozulması ilə bağlı sualını cavablandırarkən cənab Prezident demişdir: "Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar ballistik raketlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq".

Müxbirin Dağlıq Qarabağda yaşayan ermənilərin gələcəyi və referendum məsələsi ilə bağlı suallarını cavablandırarkən qeyd olunmuşdur ki, ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər vətəndaşlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilər tərəfindən soyqırımına məruz qalan Xocalı şəhərində və bir çox şəhərlərdə və kəndlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizlənmə həyata keçiriblər.

Azərbaycan bunu heç vaxt etməyib. Hətta indiki toqquşmalar zamanı eyni yolla cavab verməyib. Referendum məsələsi ilə bağlı cənab Prezident bildirmişdir ki, Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin bir hissəsi geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddaratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların Ermənistan dövləti var. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət belə gedə bilməz.

Regionda yaranacaq sülhün bu bölgənin simasına təsiri ilə bağlı cənab Prezident bildirmişdir ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Bildirlilmişdir ki, hazırada Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. İki ölkə arasında strateji əməkdaşlıq səviyyəsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, beynalxalq əhəmiyyətli TANAP və bir çox başqa layihələrin həyata keçirilməsinə imkan vermişdir.

İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə Qəhrəman Azərbaycan ordusu tərəfindən işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, Cənubi Qafqazda, ümumilikdə regionda sülh yaranacaq. Bu da regiondakı dövlətlər, xalqlar arasındakı qonşuluq münasibətlərinin, əməkdaşlığın yeni daha yüksək səviyəyə qalxmasına şərait yaradacaq.

Milli Məclisin deputatı
Rauf Əliyev