Türkiyə Yazıçılar Birliyi: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"

Türkiyə Yazıçılar Birliyi (TYB) Qarabağa dəstək məqsədli Azərbaycan Yazıçılar Birliyinə (AYB) məktub ünvanlayıb.

Day.Az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna TYB-nin sədri Kazım Arıcan bildirib.

K.Arıcan deyib ki, AYB sədri Anar Rzayevə göndərilən məktubda Türkiyənin yazarları, ədibləri, düşüncə adamları əsassız torpaq iddiaları ilə hər zaman regionda sülhə ən böyük maneə yaradan, Azərbaycanda körpə, yaşlı demədən mülki insanları öldürməklə müharibə cinayəti törədən Ermənistanın və onları dəstəkləyən, cəsarət verənlərin şiddətlə qınandığı yer alıb: "Bu, bütün insanlığa qarşı törədilmiş ən pis cinayətdir. Ümid edirik ki, dünyanın bütün yazıçıları bu cinayətə qarşı çıxacaq. Çünki əsil düşüncə adamları həqiqətləri görməli və haqqın yanında olmalıdır".

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dünya ictimaiyyətinə çatdırmaq üçün heç bir beynəlxalq təşkilatın rol oynamadığına diqqət çəkən Arıcan belə deyib: "Dağlıq Qarabağ məsələsi, Ermənistanın təcavüzü nəticəsində ortaya çıxan bir mövzudur. Məsələnin həllində hələlik heç bir beynəlxalq təşkilatın köməyi olmayıb. Hər bir beynəlxalq məsələni danışıqlar yolu ilə deyil, adət etdiyi müharibələr və qırğınlar yolu ilə həll edəcəyinə inanan Ermənistan, beynəlxalq hüquq və qanunu tanımır və qlobal güclərin oyuncağıdır. Qatil Ermənistan yaxşı bilməlidir ki, günahsız insanlara, mülki şəxslərə hücum edərək öldürmək insanlığa qarşı cinayətdir və şübhəsiz ki, Beynəlxalq Cinayət Məhkəməsində törətdiyi qırğınların hesabını verəcək".

TYB sədrinin sözlərinə görə, Ermənistanın son hücumları qarşısında Azərbaycan və Türkiyənin birlik nümayiş etdirməsi türk dünyasına nümunə olub: "Türkiyə ilə Azərbaycan, dil, din və mədəniyyət birliyi olan və bir-birlərini dəstəkləyən bir millətin iki ayrı dövlətidir. Türk milləti olaraq dünən olduğu kimi, bu gün və sabah da regionun sabitliyini qorumağa çalışan və işğal altındakı vətəni qoruyan azərbaycanlı qardaşlarımızın yanında olacağıq".