Ermənistanda orduya yardım edən mağazalar qiymətləri qaldırır ki, pulu geri qaytarsınlar

Onsuz da xarici təşkilatların, havadarların dilənçi pulları ilə yaşayan Ermənistan artıq iqtisadi cəhətdən də çöküb. Bunu son vaxtlar o ölkədə yaşanan qiymət artımından da hiss etmək olar.

Bunu deputat Vüqar İskəndərov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, müharibə başlayandan Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin qalxması mövzusu müzakirə olunur. Belə ki, ermənilər sosial şəbəkələrdə müharibədən sonra güllərin, çələnglərin, əsgər geyiminin tikilməsinin, yağ və şəkərin qiymətlərinin qalxmasından narazıdılar:

"Ermənilərə əsasən, əsgər geyimi 18 000 AMD-dan 25 000 AMD-ya (deyilənlərə görə, müharibə səbəbi ilə bəzi müəssisələr super-mənfəətin 80%-ni də alırlar), adı çəkilməyən supermarketlərdə isə şəkərin qiyməti 320 AMD-dan 385 AMD-a qədər yüksəlib. İstifadəçilər həmin supermarketin sahibinin orduya 50 milyon dram ayırdıqdan sonra, şəkərin və digər ərzaqların qiymətini qaldıraraq bir həftə ərzində ayırdığı pulu artıqlamasıyla qaytardığını bildirirlər".

Deputat qeyd edir ki, Ermənistandakı könüllü qruplar müharibənin ilk günündən etibarən sərhədçilər üçün paltar, qida, dərman və digər əşyalar toplayaraq arxada fəaliyyətlər göstərirdi. "Ermənilərdə itkilərin çox olması, döyüş meydanında yaşadıqları itkilər fonunda güllərin də qiyməti bahalaşıb. Artıq Ermənistan əhalisinin qurbanlarının qəbri üstünə gül qoymağa belə maddi imkanları çatmır. Xüsusilə dəfn mərasimlərində tələb olunan çiçəklər - qızılgül, qərənfil, gladioli (gladiolus), demək olar ki, 50-100% bahalaşıb. Satıcılar bir gülü 1000 AMD-ə satdıqlarını, amma növbəti gün qiyməti qaldırmalı olduqlarını qeyd edirlər. Gül bazarının əməkdaşları hazırda gülləri daha baha qiymətə aldıqlarını bildirirlər. Ancaq deyilənlərə baxmayaraq, məsələn, bir qərənfilin adi 10 dramdan 70 dramadək bahalaşmasının səbəbi qaranlıq qalır. Şəhər sakinləri çələnglərin qiymətlərinin kəskin artdığını da iddia edirlər. Əvvəllər bir çələngin qiyməti 20-30 min dram idisə, indi onu 40-50 min drama əldə etmək olar".

Deputat bildirir ki, bu artım artıq gündəlik təlabat məhsullarında da görünür. İrates son 10 gündə mağazalarda kərə yağı və şəkərin qiymətinin qalxdığını qeyd edir. 10 gün əvvəl 1 litr yağın qiyməti 600 AMD-dirsə (bəzilərində 650 AMD, 800 AMD və daha yüksək qiymət ilə satırlar indi), bu gün 750-800 AMD-yə satılır. Bir həftə əvvəl 1 kq şəkər 250-280 AMD idisə, bu gün 410 AMD-dir:

"Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Dünya bazarında neftin qiyməti sentyabr ayına nisbətən 6% artdı, bunun Ermənistanda da artması məntiqlidir, lakin həmin dövrdə dünya bazarında şəkərin qiyməti 0,9% azaldı. Erməni vətəndaşlar bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər. Əsgər geyimlərinin qiymətləri müharibə olmayan dövrə nisbətən artıb. Erməni jurnalistləri sosial şəbəkələrdə erməni istifadəçilərin fikirlərini təsdiqləyiblər. Müşahidələrə görə, bu gün qara bazarda (digər yerlərdə əsgər geyimini yüksək qiymət səbəbindən almaq mümkün deyil) bir paltar dəsti 18-25 min AMD-yə satılır. Müharibədən əvvəl "qara bazar" da qiymətlər 15-17 min dram arasında idi".