Azərbaycan 63 Ermənistan vətəndaşını yalnız bu şərtlə verə bilər

"Əsirlər ətrafında müzakirələrin davam etməsi Paşinyanın xeyrinədir"

Day.Az Moderator.az-a istinadən xəbər verir ki, bunu tanınmış politoloq Elxan Şahinoğlu deyib:

"Dövlət başçısı İlham Əliyev bir neçə deyib ki, 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisində yaxalanan Ermənistan hərbçiləri əsir sayılmayacaq, onlar terrorçudurlar və məhkəmə qarşısında cavab verəcəklər. Belələrinin sayının ən azı 63 nəfər olduğu deyilir. Bu, hazırda Ermənistanın siyasi dairələrində və cəmiyyətində ən çox müzakirə olunan mövzudur, "Paşinyan istefa versin" tələbi "əsirlərimizi geri qaytarın" şüarının kölgəsində qalıb. Paşinyan əsirlər mövzusunu yanvarın 11-də Moskvada müzakirə etmək istəyirdi, İlham Əliyev buna önəm vermədi və Rusiya prezidenti Vladimir Putin də israr etmədi. Paşinyan pərt halda ortaq mətbuat konfransında dedi ki, əsirlər məsələsində razılaşma əldə olunmadı.

Buna baxmayaraq, əsirlər ətrafında müzakirələrin davam etməsi Paşinyanın xeyrinədir. Çünki Ermənistanda Paşinyanı narahat edən digər mövzular arxa plana keçib. Azərbaycan 63 Ermənistan vətəndaşını Dağlıq Qarabağda erməni separatçıların tamamının tərksilah olunması şərti ilə geri göndərə bilər. Paşinyan isə 63 vətəndaşını geri qaytarmaqla laxlamış reytinqini bir az möhkəmlədə bilər. Bu Azərbaycanın da maraqlarına uyğundur ki, məğlub və kapitulyasiya bəyanatına imza atmış ölkənin lideri vəzifəsini itirməsin və üzərinə düşənləri etsin. Paşinyan bu il erkən parlament seçkisinə gedir. Azərbaycanın şərtinin yerinə yetirilməsi qarşılığında 63 əsirin Ermənistana təhvil verilməsi parlament seçkisi öncəsində Paşinyanın işinə yarayacaq."