Ermənistan tərəfindən əsirlərlə bağlı siyahı dərhal və tam şəkildə təqdim olunmadı

Hərbi əsirlərin mübadiləsi məsələsi 10 noyabr üçtərəfli bəyanatın tərkib hissəsidir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, əsirlərin mübadiləsi məsələsində Ermənistan tərəfinin daha çox problemləri olub:

"Hər iki tərəfin əsirlərin siyahısını təqdim etməsi tələb olunurdu. Azərbaycan tərəfi həmin siyahını verib. Bu siyahı böyük deyildi. Həmin əsirlər dəyişdirildi. Əsir, itkin düşmüşlərlə bağlı daha Azərbaycan tərəfindən məsələ qaldırılmadı. Ermənistan tərəfindən isə bu siyahı dərhal və tam şəkildə təqdim olunmadı. Rusiya əsirlərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıdır. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı."

S.Lavrov əlavə edib ki, 10 noyabr üçtərəfli bəyanatının bütün müddəaları ictimaiyyətə açıqlanıb və heç bir gizli bəndi və ya əlavəsi mövcud deyil.