Prezidentin açılışını etdiyi məktəbin kollektivi məmnunluğunu ifadə edib

Ölkəmizdə məktəblərin tikintisi və yenidən qurulması işləri əsas prioritetlərdən biridir. Azərbaycanda son illər bu sahədə həyata keçirilən işlər, ölkə rəhbərliyinin təhsilə olan diqqətinin bariz nümunəsidir.

Təhsildə keyfiyyət dəyişikliyi üçün sistemli işlər həyata keçirilir, maddi-texniki bazanın təkmilləşdirilməsi yenidənqurma işləri ilə paralel aparılır.

Bu gün Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə də bu istiqamətdə bir çox işlər görülüb.

Təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülüb, onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.

Məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.

Məktəbin direktoru Yeganə Məhərrəmova Trend TV-yə açıqlamasında burada yaradılan yeni şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Onun sözlərinə görə, məhz ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində son illər Azərbaycanda təhsilin keyfiyyəti yüksəlib.

Məktəbin direktoru ilə yanaşı, müəllim heyəti də yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirib.

Məktəbdən hazırlanan reportajı təqdim edirik: