44 günlük diplomatiya dərsləri

2020-ci ilin sentyabrın 27-də 1990-cı illər taktikası ilə hərəkət edən düşmənin indiyədək qeydə alınmış ən böyük təxribatına Azərbaycan ordusu bu dəfə genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamaqla cavab verdi. Prezidentimizin özünün ifadə etdiyi kimi, "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı.

Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik bacarığı ilə idarə olunan bu müqəddəs müharibə 44 gün sonra ordumuzun şanlı qələbəsi ilə başa çatdı.

Bildiyimiz kimi döyüş meydanındakı haqq işimizi siyasi-diplomatik müstəvidə də illərlə formalaşdırılmış hüquqi baza təmin edirdi. Amma döyüş təkcə sahədə getmirdi. İnformasiya əsrində düşməni bu istiqamətdə də yerinə oturtmaq lazım idi. İnformasiya məkanında isə bizim haqq işimizə və dünyaya həqiqətlərin çatdırılmasına da şəxsən Ali Baş Komandan İlham Əliyev başçılıq edirdi. Müharibə zamanı İlham Əliyev Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya, İspaniya, Almaniya, İtaliya, Yaponiya və ABŞ kimi bir neçə ölkədən olan media qurumlarına rus, türk və ingilis dilində olmaqla 26 müsahibə vermiş və 600-dan çox sualı cavablandırmışdır. Təkrarlanan, ittiham dolu və provakativ suallardan da aydın olurdu ki, beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı münasibət birmənalı deyildi və qazanılan hər bir hərbi nailiyyət bizə qarşı siyasi təzyiqlərin artması ilə müşayiət olunurdu. Lakin Prezident İlham Əliyev gözlənilməz sayılacaq və heç də münaqişəyə aid olmayan suallara təmkinli cavabları ilə təkcə siyasi-diplomatik sahədə deyil, eyni zamanda digər mövzularda da hazırlıqlı olduğunu çox məharətlə və professional şəkildə nümayiş etdirdi.

Aktiv hərbi əməliyyatların başladığı ilk gündən yekunlaşdığı son günə qədər Prezident İlham Əliyev təkcə müxbirlərin ona ünvanladığı sualları cavablandırmırdı, eyni zamanda münaqişənin sonlandırılmasında və Azərbaycanı dayandırmaqda maraqlı olan dünya liderlərinə də səslənirdi.

Dövlət başçısı cənab İlham Əliyevin dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr əsasında hazırlanan "44 günlük diplomatiya dərsləri" adlı kitab AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunmuşdur.