Azərbaycana Qoşulmama Hərəkatına bir il daha sədrlik etmək barədə müraciət yüksək etimadın təzahürüdür

Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana əlavə 1 il də sədrlik etmək barədə müraciəti olduqca təqdirəlayiq haldır. Bu, eyni zamanda Azərbaycan Prezidentinin qlobal liderlik fəaliyyətinə verilən yüksək qiymət və Azərbaycana olan etimadın, inamın növbəti təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq nüfuzu və təsiri yetərincə güclənib, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində olduqca böyük və səmərəli işlər görülüb: "Pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan bütün qlobal məsələlərə, mövzulara çevik və adekvat reaksiya verərək öz sədrliyini böyük müvəffəqiyyətlə həyata keçirib. Elə bu uğurlu fəaliyyətin nəticəsidir ki, sədrliklə bağlı səlahiyyət müddətinin 1 il də uzadılması ilə bağlı Azərbaycana müraciət olunub".

E.Musayev əlavə edib ki, Qoşulmama Hərəkatı böyük və ciddi təsir gücü olan təşkilatdır: "Bu təşkilatda dünyanın nüfuzlu ölkələri təmsil olunur. Eyni zamanda, bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, Qoşulmama Hərəkatı 44 günlük Vətən Müharibəsi dövründə də yetərincə ədalətli mövqe sərgiləyib, bəyənatlar verib. Qoşulmama Hərəkatı öz prinsiplərinə, dəyərlərinə sadiq, haqqın yanında olan təşkilatdır. Ona görə də bu təşkilata Azərbaycanın sədrliyinin uzadılması ilə bağlı müraciət həqiqətən qürurverici, sevindirici və mötəbər bir hadisədir".