Azərbaycan regionda bütün kommunikasiyaların açılmasında prinsipal mövqe ortaya qoyub

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi zəfərindən sonra regionda yeni əməkdaşlıq formatları, o cümlədən kommunikasiyaların açılması imkanlar yaranıb. Azərbaycan bu məsələdə prinsipal mövqe ortaya qoyub və heç kim bu prosesin qarşısını ala bilməz.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub: "Artıq irəliyə baxmaq, yeni əməkdaşlıq mühitindən istifadə etmək lazımdır. Ermənistan da öz növbəsində yaranmış bu yeni mühitdən faydalana bilər. Ermənistan öz revanşist iddialarından, təxribatçı əməllərindən əl çəkərək əməkdaşlığa qoşulmalı və regionun sabitliyi haqqında düşünməlidir. Çünki bu gün dərin siyasi və sosial-iqtisadi böhran içərisində boğulan Ermənistanın başqa çıxış yolu yoxdur.

İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada regionda bütün kommunikasiyaların açılması əks olunduğu və bu kommunikasiyaların açılması regionun gələcək inkişafı üçün geniş perspektivlər vəd edir. Azərbaycan kommunikasiyların açılması üçün üzərində düşən bütün işləri yerinə yetirir və bu məsələdə öz prinsipal mövqeyini ortaya qoyub. Lakin görünən odur ki, Ermənistan prosesi ləngitməyə çalışır.

Ancaq hər kəsə yaxşı məlumdur ki, Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb. Çünki Ermənistan məhz indiyə qədər yürütdüyü işğalçılıq siyasəti nəticəsində bugünki ağır duruma düşüb. Ermənistan 30 il müddətində torpaqlaqrımızı işğal altında saxladığı üçün dalan bir ölkəyə çevrilmidi və artıq Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Ermənistanı çıxılmaz vəziyyətə salıb. Bu gün Ermənistanın yalnız bir seçimi var və o da əməkdaşlığa qoşulmaq.

Azərbaycan Prezidentinin "...indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq" bəyanatı Ermənistan üçün yeganə xilas yoludur. Çünki əgər Ermənistan əməkdaşlığa qoşulmasa yenə də dalan ölkə olaraq qalacaq, yenə də regionda həyata keçirilən beynəlxalq layihələrdən, inkişaf proseslərindən kənarda qalacaq. Bu isə Ermənistanı bir dövlət kimi məhvə aparan yoldur. Ermənistan vaxt itirmədən Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamalı, regionda kommunikasiyaların açılmasında üzərinə düşən vəzifələri yerinə yetirməlidir, əks halda Ermənistanı daha acınacaqlı gələcək gözləyir".