"Muğanbank" ASC maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏT İLƏ İŞLƏYİB (R)

"Muğanbank" ASC 2021-ci ilin 1-ci yarısını 556 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank ötən ilin eyni dövrünü 1 milyon 881 min manat xalis zərər ilə bağlamışdı. 

GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİB 

2021-ci ilin yanvar-iyun dövründə "Muğanbank"-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 489 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 722 min manat, gəlirlər xərcləri  üstələditindən əməliyyat mənfəəti 767 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 212 min manat ayırdığından 2021-ci ilin ilk 6 ayını 556 min manat xalis mənfəət ilə başa vurub. 

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə "Muğan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 38 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 786 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 748 min manat təşkil etmişdi. Eyni zamanda, ehtiyat fondun 1 milyon 132 min manat ayırma edildiyindən zərər 1 milyon 881 min manata yüksəlmişdi.  

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB 

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 1-ci yarısı ərzində "Muğanbank"-ın cəmi aktivləri 22 miylon 491 min manat və ya 3,8% artaraq 613 milyon 397 min manata çatıb. Müştərilərə verilmiş kreditlər isə 35 milyon 71 min manat və ya 10,4% artaraq 371 milyon 17 min manata yüksəlib.  

30 İyun 2021-ci il tarixində "Muğanbank" ASC 101 milyon 334 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən 2 dəfə çoxdur. "Muğanbank" 2020-ci ilin yekununda 91 milyon 697 min manat məcmu kapitala malik idi.  

Bank normalara artıqlaması ilə cavab verir. Belə ki, "Muğanbank"-da 1-ci dərəcəli  kapitalın adekvatlıq əmsalı 14,94% (norma minimum 5%), məcmu kapitalın adekvatlıq əmsalı 18,79% (minimal 10% olmalıdır), Leverec əmsalı 12,64% (minimal 4% olmalıdır) təşkil edib.