Kartof torpaq birəciyinin risk təhlili həyata keçirilib

Kartof torpaq birəciyinin (Epitrix cucumeris) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən risk təhlili həyata keçirilib. Risk təhlilində ölkədaxili və beynəlxalq ticarətin karantin qaydalarına uyğun olaraq, Epitrix cucumeris yoluxmuş ölkələrdən toxumluq və ya ərzaqlıq kartof yumrularının gətirilməməsi, həmçinin onların sahib bitkilərinin idxal edilməməsi, zərərverici ilə yoluxmuş ərazidən başqa yerlərə əkin üçün kök yumruları göndərilməməsi, zərərverici müşahidə edilən ərazilərdən torpaq və bitki qalıqlarının ətraf ərazilərə çıxarılmaması istiqamətində nəticələr təhlil edilib.

Zərərvericinin vətəni Şimali Amerikadır və Boliviyadan Kanadaya qədər Amerika qitəsində geniş yayılıb. Epitrix cucumeris Solanaceae fəsiləsinə aid bitkilərin yarpaq və kökləri ilə qidalanır. Başlıca əhəmiyyətə malik sahib bitkisi kartofdur, lakin Azərbaycan florasında mövcud olan tərəvəz bitkilərindən: badımcan (Solanum melongena), pomidor (Solanum lycopersicum), bibər (Capsicum annuum), kartof (Solanum tuberosum), tütün (Nicotiana tabacum), qaraquşüzümü (Solanum nigrum), xanımotu (Atropa belladonna), adi dəlibəng (Datura stramonium), petuniya (Petunia) və adi yergilası (Physalis alkekengi) sahib bitkiləri ilə də qidalanır. Hətta birələr kələm, xiyar çuğundur, kahı, qarğıdalı, paxlalı bitkilər və müxtəlif otlarla da bəslənə bilirlər. Həm sürfələr, həm də yetkin fərdlər çeynəmə ağız quruluşuna malikdirlər. Epitrix cucumeris sürfələri kartof yumruları ətrafında torpaqda yaşayır, sahib bitkilərin kökləri ilə qidalanır, bəzən onlar kökyumrularına daxil olaraq dərin izlər, cığırlar açır və kiçik özünəməxsus tunellər yarada bilir.

Epitrix cucumeris növlərinin yetkin fərdləri bitkinin bütün yerüstü hissələrində və torpaq səthində aşkar edilə bilər. Əsasən yarpaqların həm üst səthi, həm də aşağı səthi ilə qidalanırlar. Yetkin fərdlər bitkinin yarpaqlarında bütün Epitrix növləri üçün xarakterik olan 1,0-1,5 mm diametli kiçik dairəvi dəliklər yaradır. Tədqiqatlar nəticəsində məlum olub ki, yetkin fərdlər kartof bitkisi üçün ən təhlükəli mərhələ hesab olunur (Pernal, 1992; Senanayake et al., 1993).

Zərərvericinin yetkin fərdi payızda əvvəlki mövsümdə kartof əkilmiş sahələrin yaxınlığında, torpaqda, yarpaq qalıqlarında və ya digər bitki qalıqlarının altında qışlayır (Hoffman et al., 1999). Yazda, temperatur yüksəldikcə, yetkin fərdlər aktivləşir və kartof bitkiləri inkişaf edənə qədər mövcud olan alternativ sahib bitki növləri ilə qidalanmağa başlayırlar. Dişi fərdlər sahib bitkilərin gövdəsinin yaxınlığında torpaq səthinin altına yumurta qoyurlar. Onların ağ, elliptik formalı, təxminən eni 0,2 mm, uzunluğu 0,4-0,5 mm olan yumurtaları olur. Zərərverici yumurtadan çıxdıqdan sonra, sürfələr kök hissələrinə keçir və burada bir neçə gün ərzində qidalanır və inkişaf edirlər. Yeni çıxan sürfə - ağ rəngdədir, üç cüt ayağı var və təxminən 1.0 mm uzunluğundadır (Pernal, 1992). Embrion inkişafı orta hesabla 6 günə tamamlanır və sürfə inkişafı 13-15 gün çəkir (Anderson & Walker, 1934). Tam inkişaf etdikdən sonra sürfələr qidalanmanı dayandırır, kök və kök yumrularını tərk edir və torpaq hissəcikləri olan yetkin metamorfoz, eni 1,5 mm və uzunluğu 2,5 mm olan mirvari ağ rəngli bir pup hüceyrəsi əmələ gətirir. Puplaşma 11-13 gün davam edir. Yumurtadan yetkin fərdə qədər inkişaf müddəti ortalama 32 gün davam edir (Anderson & Walker, 1934). Yetkin fərdlər - uzunluğu 1.6-2.0 mm olan kiçik qara böcəklərdir (Deczinsky, 2016; EPPO, 2017a). Arxa bud sümükləri böyükdür, tullanmağa (atlanmağa) uyğunlaşdırılıb. Uçmaq qabiliyyətinə malik deyil.

Epitrix cucumerisin potensial iqtisadi təsiri yüksək hesab olunur, çünki zərərvericilər həm kartof kök yumrularına zərər verə bilər, həm də digər Solanaceous fəsiləsindən olan bitkilərlə (pomidor, badımcan) qidalana bilər. Mövsümün əvvəlində, yetkin fərdlərin yarpaqlarla qidalanması kartof, pomidor, şirin bibər, badımcan və s. kimi təzə yetişən bitkilər üçün təhlükəli ola bilir, çünki yarpaqların yerə düşməsinə və şitillərin tezliklə məhv olmasına səbəb olur (Foster & Obermeyer, 2017; Bessin, 2019). Yapraqların zədələnməsi Epitrix cucumeris birələri üçün məhsuldarlığın 15%-ə qədər azalmasına səbəb ola bilər (Senanayake və digərləri, 1993).

Bu zərərverici 2001-ci ildə EPPO təşkilatının A2 tədbirlər siyahısına daxil edilib və bu təşkilata üzv olan ölkələrə bu zərərvericinin karantin əhəmiyyətli zərərli orqanizm kimi tənzimlənməsi tövsiyə olunub.