“Tənqid ediləcək adam deyiləm, qürurumu qorumuşam”

Əməkdar artist Firuzə İbadova ötən gündən şəraitsiz evdə yaşaması ilə gündəmdən düşmür.

Day.Az axşam.az-a istinadən bildirir ki, bir çoxları müğənnini bu açıqlamasına görə tənqid edib. Onlar illərdi toylara getdiyi halda ifaçının imkansızlıqdan gileylənməsini qınayıblar.

F.İbadova məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O, narazılığına aydınlıq gətirib:

"Açıqlamanı verdim, artıq halım yoxdur. Tənqid olmalı idi, amma məni istəyənlər çoxdur. Toylara hamı gedir, amma toy oxuyanı deyiləm. Mən konsertlər vermişəm. İndi toy oxuyanlara hər şey edilir. Sosial şəbəkədə ünvanlanan o suallara cavab verməyəcəm, nə istəyirlər yazsınlar. Haqqım olanı dövlətimdən istəyirəm.

Tənqidə də gözəl yanaşıram, onlar da xalqımdır. Ancaq həyatımı elə yaşadım, qürurumu qorudum ki, tənqid ediləcək adam deyiləm. Danışdım, çünki məktublarım ünvanına çatmadı. Könlüm püskürdü, zəhmətim çoxdur. 3 ildir ildə ən az iki-üç dəfə məktub yazıram. Kütlənin tənqidinin arxasına düşmürəm".

F.İbadova həmkarı Aybəniz Haşımovanın onun ünvanına yazdıqlarına isə "Aybəniz xanımın yazdığı bir orduya dəyər. O, sənətkardır, yazmağa da ixtiyarı var. Mənim haqqımda sənətdə olanların çoxusu danışmalı idi, yüz faizi... Amma..." sözləri ilə reaksiyasını verib.

Qeyd edək ki, A.Haşımova F.İbadova haqqında "Məcburiyyətdən, çörəkpulu üçün toylarda, şou-proqramlarda 50 manata oxuyur. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini ödəyib" sözlərini deyib.