Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini təkzib edib

Baş Prokurorluq Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qan qrupundakı uyğunsuzluqla bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən Day.Az-a verilən məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb: "Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib.

Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!"